Qus Hiddinkin Türkiyədə ilk əmri
18.03.2010 - 13:21
Qus Hiddinkin Türkiyədə ilk əmri
Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink yeni vəzifədə ilk tapşırığını verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı çalışdırıcı köməkçiləri Oğuz Çətin və Engin İpekoğlunun xarici ölkələrə ezamiyyətə yollanmasını əmr edib.

Beləliklə, Oğuz Çətin bu gün Avroliqanın 1/8 final mərhələsinin cavab qarşılaşmasında Almaniyada “Volfsburq” - “Rubin” matçını izləyəcək. Türk çalışdırıcı qonaqların heyətində forma geyinən həmvətənləri Gökdəniz Karadəniz, Fatih Təkkə ve Hasan Kabzenin oyunlarına diqqət göstərəcək. Daha sonra Çətin Almaniyanın digər şəhəri Frayburqa gedərək, martın 20-də eyniadlı komandanın “Maynts”la görüşünə baxacaq. Yığmanın məşqçisi “Frayburq”un 21 yaşlı türk müdafiəçisi Ömer Torpakı diqqət mərkəzində saxlayacaq.

Engin İpekoğlu isə bu gün Avroliqanın 1/8 final mərhələsində “Standard” - “Panatinaikos” oyununu izləmək üçün Belçikaya ezam olunub. Martın 20-də o, Hamit və Halil Altıntop qardaşlarının bir-birlərinə rəqib olacaqları “Ayntraxt” - “Bavariya” görüşünə baxacaq. Ertəsi günü yenidən Belçikaya qayıdacaq İpekoğlu “Standard”ın “Gent”lə oyununu izləyəcək.

Qeyd edək ki, Türkiyə və Azərbaycan yığmaları Avro-2012-nin seçmə qrup mərhələsində bir-birə rəqibdir. Qardaş ölkənin komandası bu il oktyabrın 12-də Bakıya təşrif buyuracaq.
0