“Vüsal Əliyev özünü həyasızcasına aparırdı”
18.03.2010 - 16:51
“Vüsal Əliyev özünü həyasızcasına aparırdı”
“Vüsal Əliyevin məni meydandan qovmasının səbəbini heç özüm də bilmirəm. O, birinci dəfə xəbərdarlıq edəndə, topa oynamışdım. 65-ci dəqiqədə isə rəqibə qəti toxunmamışdım. Əgər obyektiv olsaq, həmin epizodda sarı vərəqə yox idi. Rəşad Sadiqova qırmızı vərəqə göstərilməsinə gəlincə, bu lap absurd qərar idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.

“Xəzər-Lənkəran”la kubok matçının 65-ci dəqiqəsində meydandan qovulan ağdamlıların 27 yaşlı müdafiəçisi görüşün baş hakimi Vüsal Əliyevi tənqid edib: “O, rəqibə açıq-aşkar simpatiya göstərirdi. Belə hakimliklə Azərbaycan futbolu heç vaxt inkişaf edə bilməz. Vüsal Əliyev hər şey etdi ki, “Qarabağ” uduzsun. Ümumiyyətlə, oyunun gedişində hakim özünü həyasızcasına aparırdı”.

Allahverdiyev hakimi söyməsi ilə bağlı iddialara da münasibət bildirib: “Mən hakimə təhqiramiz heç nə deməmişəm. Eşitmişəm ki, o, mənim hərəkətlərimdən narazı qalıb və protokolda qeydlər aparıb ki, guya mən qırmızı vərəqədən sonra onu təhqir etmişəm. Vüsal Əliyev bilərəkdən belə yazıb ki, sudan quru çıxsın”.

Mənbə: extratime.az
0