Azərbaycanlı futbolçuya xəbərdarlıq: Yeni pasport alsan, yığmanı unut!
19.03.2010 - 14:29
Azərbaycanlı futbolçuya xəbərdarlıq: Yeni pasport alsan, yığmanı unut!
Ukrayna Futbol Federasiyası (UFF) azərbaycanlı futbolçu Aleksandr Əliyevin qarşısında şərt qoyub. Apasport.az saytının məlumatına görə, UFF qış fasiləsində Moskvanın “Lokomotiv” klubuna keçən 26 yaşlı yarımmüdafiəçiyə Rusiya pasportu almamaqla bağlı rəsmi xəbərdarlıq edib.

Qurumun birinci vitse-prezidenti Sergey Storojenkonun sözlərinə görə, soydaşımız başqa ölkənin pasportunu alarsa, Ukrayna yığmasında çıxışının davam etdirməsinin üstündən birdəfəlik xətt çəkə bilər: “Əliyev özünü ukraynalı sayır. Bunu təsdiqləyən vətəndaşlığı da var. Ancaq futbolçu Rusiya pasportu alacağı təqdirdə, Ukrayna yığmasında oynamasının mümkünlüyünü unuda bilər. Çünki ölkənin əsas komandasında yalnız onun vətəndaşları oynaya bilər. Məcazi mənada desək, yarımmüdafiəçi milli komandasının perspektivi qarşısına şlaqbaum qoyacaq”.

Əliyevi çalışdırdığı Kiyev “Dinamo”sundan indiki komandası “Lokomotiv”ə transfer edən Yuri Syomin futbolçunun Rusiya pasportu almasının əsas təşəbbüskarıdır. Storojenko Aleksandrın pasportunu dəyişməsinin Ukrayna yığmasında oynamasına mane haqda fikrini də şərh edib: “Syomin bizim ölkənin qanunvericiliyini pis bilir. O, istənilən subyektlərin ikili vətəndaşlığına icazə vermir. Buna ən son nümunə Donetskin “Metallurq” klubunun qapıçısı Vladimir Dişlenkoviçdir. O, Ukrayna pasportu alandan sonra Serbiya yığmasında oynamaq hüququndan məhrum olub və CAR-dakı dünya çempionatına getməyəcək”.

Qeyd edək ki, Əliyev Rusiyanın Xabarovsk vilayətində anadan olub.
0