“Qarabağ”ın içindəki “düşmən” və ya Əmrah Çəlikəlin sarı simi
19.03.2010 - 15:31
“Qarabağ”ın içindəki “düşmən” və ya Əmrah Çəlikəlin sarı simi
“Xəzər-Lənkəran” – “Qarabağ” oyununda baş verənlər hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq. Düzdü, Cənub şəhərində olanlara heç də faciəvi don geyindirmək lazım deyil. Belə hakim səhvlərinə çox rast gəlinir. Sadəcə, məsələnin bu dərəcədə böyüməsində ağdamlıların apardığı piar kampaniyasının böyük rolu oldu. Necə deyərlər, adi hadisə məhz hədəflərindən uzaq düşən, iki məğlubiyyəti ardıcıl alan “Qarabağ”a sərf etmədiyindən iki futbolçusunun qırmızı vərəqə alması bu dərəcədə şişirdildi.

Əslində, məsələyə başqa cür qiymət vermək lazım idi. Məsələn, “Qarabağ”ın futbolçuları da etiraf edirlər ki, Elnur Allahverdiyevin hərəkətləri yolverilməz idi, yəni, onun belə kobud oyunla meydandan qovulması qaçılmaz idi. Rəşad Sadiqovun məsələsinə gəlincə, sadəcə, kobudluğun ölçüsünü dəqiqləşdirib, onun qovulmasını müzakirə etmək olar. Halbuki, bu futbolçunun bir neçə dəqiqə meydanda olmamasının “Qarabağ”ın əsas problemi olmasını demək məntiqəuyğun deyil. Əsas polemika mövzusu ağdamlıların oyunundadır. Yığmada da tez-tez ciddi səhvlər buraxan, eyni zamanda dəfələrlə “Qarabağ”da belə aqibətlə yaşayan Fərhad Vəliyev də hədəf göstərilə bilərdi. Onun 17-ci dəqiqədə birbaşa künc zərbəsindən qol buraxması sadəcə, faciəvi idi.

Bundan başqa, “Qarabağ”ın ciddi hücumçu problemi var. Vaqif Cavadov olanda da, onun gedişindən sonra da ağdamlılar açıq-aşkar qol həsrəti çəkir. Təkcə indiki turnir cədvəlinə baxmaq kifayətdir. “Qarabağ” qızıl medallar uğrunda mübarizə aparan komandalarla 11 görüşdə cəmi 6 qol vurub. Problem bundadır, Vüsal Əliyevdə yox. Deyək ki, FİFA referisi Lənkəranda səhv etdi, bəs digər oyunlar? Axı mövsümün əvvəlindən bəlli idi ki, “Qarabağ” bu heyətlə böyük məqsədlər üçün yarışa bilməz. Birinci mərhələdə lazımsız oyunlarla çatışmazlıqları sığortalamaq mümkün idi. Amma hər oyunun qızıl dəyərində olduğu “altılıq” matçlarında bir oyunçunun yoxluğu həlledici sayıla bilər. Bunu hamı görürdü, baş məşqçi Qurban Qurbanovla klubun rəhbərliyindən başqa. Hamı heyətini gücləndirdiyi bir vaxtda qış fasiləsində “Qarabağ” susqunluğa üstünlük verdi. Cavadovun gedişi isə yalnız çoxdan ideal formasını itirən Georgi Adamiyanın transferi ilə sığortalandı. Halbuki, bu, problemdən qətiyyən çıxış yolu deyildi.

Elə bu sadaladığımız səbəblərdən ağdamlılar “Bakı” və “Xəzər-Lənkəran”a məğlubiyyətin səbəblərini özündə axtarmalıdır, hakimdə yox. “Qarabağ”ın içində gizlənən “düşmən” hələ növbəti turlarda da xal itkilərinə səbəbkar olacaq. Bu, qaçılmazdır. Amma bütün bunları unudan Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl klubun rəsmi saytına özünü sığortalayan açıqlamalar verir. Diqqət edək:

* Bu oyun haqda saatlarla danışmaq olar. Hər halda 9 nəfərlə son saniyədə qol vursaydıq, futbol tarixinə ən yüksək əzmkarlıq kimi daxil olardı. Amma istənilən halda, komanda ilə qürur duyuram. "Qarabağ"ın əzmini, mücadilə istəyinə təkcə biz yox, bütün Azərbaycan şahid oldu. Amma təəssüf ki, oyunun hakimi "hakimiyyətin" əlində olmasından maksimum istifadə edərək, sahədəki 11 nəfərimizdən daha güclü olması faktı ilə bizi məyus etdi.

* Bizi daha çox üzən meydandankənar amillərdir. Ölkəmizin avrokuboklarda təmsil edəcək klubların müəyyənləşdiyi turnirdən biri olan kubok mücadiləsi hər zaman maraqlı və gərginliyi ilə maraq oyadıb. Amma təəssüf ki, bizim kuboka gedən yolumuz yaşıl meydandan kənarda gedən olayların təsiri ilə bağlanır. Bu amil istər-istəməz düşündürücüdür.

* İnşallah, ölkə kubokunu qazanacaq komanda ötən mövsüm “Qarabağ”ın avrokuboklardakı uğurunu təkrarlayar. Hətta daha böyük uğurlara imza atmasından qürurlanar və 2 qat sevinərdik. Amma unutmamalıyıq ki, avrokuboklarda uğur qazanmaq üçün ölkəmizi təmsil edəcək komanda “Qarabağ” qədər güclü olmalıdır ki, ən azından komandamızın ötənilki uğurlarını qazanmağı bacarsın.

* "Qarabağ"da Azərbaycan futbolunun gələcək futbol ulduzları cəmləşib. Bizim bugünkü siyasətimiz uzunmüddətli strategiyamızın uğurlu məhsuludur. Biz ötən il kuboku qazananda "alnımızın ağıyla" zirvəyə ucalmışdıq. Hər kəsə bəllidir ki, komandamız ölkəmizin ən gənc komandasıdır. Bu gənclərin əksəriyyəti hələ həyatın isti-soyuğuna düşməyib. Bu uşaqları belə sındırmaq lazım deyil. Axı, onların gələcəyi sadəcə, futboldan ibarət deyil. Onları cəmiyyətimizə güclü şəxsiyyətlər kimi çıxarmaq üçün hər birimiz dəstək verməliyik. Amma Vüsalın hərəkətlərinin onların psixologiyasına mənfi təsir göstərməməsi mümkün deyil. Elnura verilən 2-ci sarı, Rəşada göstərilən qırmızı vərəqə... Hər kəs gördü ki, Vüsalın atdığı bu addımlar yanlış idi... Əgər hakim bir dəfə bu səhvi etsəydi, insanlıq halına bağlaya bilərdik. Deyərdik ki, insandır, səhv edib. Amma ardıcıl verdiyi qərarlar göstərdi ki...

* Bizim fəlsəfəmizdə dürüstlük hər zaman ən önəmli prioritet olub. Bunu klubla bağlı danışdırdığınız istənilən insan qeyd edə bilər. Təbii ki, hər birimiz ailələrimizdən dürüstlüyün, vicdan kimi əxlaqi kriteriyalar baxımından nəsihətlər, öyüdlər almışıq. Amma ekran başında oyunu izləyən, gələcəyin futbolçusu olmaq istəyən 5 yaşlı uşağın yaddaşına, psixologiyasına Vüsalın hərəkətləri heç də xoş şeylər vəd etməyəcək. Axı bu uşaq gələcəkdə hər kəsin mədh etdiyi futbolçuların sarı geyimli insan tərəfindən haqsızlığa uğramasından sonra necə futbolçu olmaq eşqiylə yanıb-alışacaq? İndi hansı övladının taleyini düşünən valideyn uşağını Əliyevin idarə edəcəyi yarışlarda iştirak etməyə imkan verər?

* Mən çox üzülürəm ki, mənim öz oğlum televiziyada "Xəzər-Lənkəran" - "Qarabağ" oyununa baxırdı. Qurban müəllimin 7 yaşlı oğlu hakimin haqsızılığından sonra qışqıra-qışqıra ağlayırdı. İndi biz övladlarımıza baş vermiş bu haqsızlığı necə başa salaq?

* Dünyada baş verən heç bir haqsızlıq cavabsız qalmır. Bu ölkədə futbolun inkişafı üçün bu qədər işlər görülür. İnanırıq ki, Vüsal Əliyevin qərəzli hakimliyi ilə bağlı lazımi tədbirlər görüləcək. Amma bu gün ölkədə futbola bu qədər sərmayə yatırılır. Hər kəsə bəllidi ki, bu yatırılan sərmayə qarşılığında sponsorlar bir qəpik belə qazanc götürmürlər. Bu qədər çəkilən xərcin üzərinə 2 qərəzli fitlə xətt çəkən hakimləri nəinki hakimlikdən silmək, eyni zamanda onlarla bağlı ciddi cinayət işi qaldırmaq lazım olduğunu fikirləşirəm.

* "Qarabağ" yüksək hədəfləri olan klubdur. Vüsal və vüsalkimilər bizi hədəfimizdən yayındıra bilməyəcəklər. Biz artıq PFL-ə rəsmi olaraq müraciət etmişik. PFL-in lazım olan tədbirləri görəcəyinə inanıram. Çempionatın və kubok uğrunda mücadilənin həlledici məqamında inanıram ki, onlar da belə səhvlərin bir daha təkrar olunmamasının tərəfdarıdır.

* "Qarabağ" Azərbaycanındı. Bizim yolumuz, cızdığımız siyasət hər kəsə bəllidir. Məqsədimiz Azərbaycanımıza yeni futbolçular yetişdirmək və bu yolla ölkə futboluna xidmət etməkdi. Biz bu yolumuzdan dönən deyilik. Əksinə tutduğumuz yolu daha da genişləndirmək niyyətindəyik. Növbəti mövsümdən etibarən komandamızın yaş həddini daha da azaltmaq niyyətindəyik. Bu məsələylə bağlı klub rəhbərliyi çərçivəsində görüşmələr olacaq. Səbəb isə çox sadədir. Klub rəhbərliyi xərc çəkərək 15-20 əcnəbi gətirəcək və Vüsal da 2 fitiylə min bir əziyyət çəkərək qazanılan pulların havaya sovrulmasına səbəb olacaq. Belə məqamda bu qədər xərc cəkməyin nə əhəmiyyəti var?

* Tək mən yox, bütün Azərbaycan komandamızın necə əzmkarlıqla mübarizə apardığını gördü. Başda baş məşqçimiz Qurban Qurbanov olmaqla, bütün komandamızı təbrik edirəm, onları bağrıma basıb, onlarla fəxr etdiyimi bir daha bəyan etmək istəyirəm. 9 nəfər qaldıqdan sonra ruhlarıyla, canlarıyla, son damlalarına qədər tək qapı futbol oynadılar. Təəssüf ki, Vüsal əngəlini aşa bilmədilər. Sağlıq olsun... Biz tutduğumuz yolun düzgünlüyünə və başımızın hər zaman dik olduğuna əminik.

Doğrusu, Çəlikəlin sözləri sarı simə basmaq kimi bir şeydir. "Qarabağ" adından, gənc futbolçu yetişdirməkdən məharətlə yararlanan klub rəsmisi unudur ki, əslində, qazanda nə bişdiyini hamı bilir. Ağdam klubunun Avroliqadakı uğurlarına biz də sevindik. Amma keçmiş uğurun kölgəsində kölgələnməkdənsə, olanlara real qiymət vermək lazımdı. Bu gün "Qarabağ"a içindəki "düşmən" mane olur...

Şamo, “Ekspressfutbol qəzeti”
0