AFFA-nın cəzalandırdığı hakim-inspektor dünyasını dəyişdi
19.03.2010 - 17:29
AFFA-nın cəzalandırdığı hakim-inspektor dünyasını dəyişdi
Tanınmış futbol mütəxəssisi, respublika dərəcəli hakim Azad Feyzullayev vəfat edib. Lent.az-ın məlumatına görə, Azad Feyzullayev 68 yaşında qəflətən ürək tutmasından dünyasını dəyişib.

O, futbolla bağlı bir neçə əsərin müəllifi olub. Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol kafedrasında baş müəllim vəzifəsində çalışan Azad Feyzullayev uzun müddət Azərbaycan çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb.

Onun oğlu Feyzulla Feyzullayev hazırda ölkə çempionatının oyunlarını idarə edir. Atasının ölümü ilə əlaqədar Feyzulla Feyzullayev Unibank Premyer Liqasının XXIV turunun "Karvan" - "Muğan" matçında 4-cü hakim funksiyasını yerinə yetirə bilməyəcək. Martın 20-də keçiriləcək oyunda onu Azad Mütəllimov əvəzləyib.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi bu ilin yanvarında Feyzullayevi federasiya və PFL əməkdaşlarının ünvanına iftiralar atdığına, təhqir etdiyinə görə 2 il müddətinə futbol qurumlarında fəaliyyət göstərməkdən məhrum etmişdi.
0