Mahmud Qurbanov: Hazırda vəziyyətimiz bir qədər düzəlib
21.03.2010 - 10:31
Mahmud Qurbanov: Hazırda vəziyyətimiz bir qədər düzəlib
“Komandanın prezidenti Hafiz Məmmədov futbolçular üçün hər cür şərait yaradıb. Maaşlarımız gecikdirilmir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

37 yaşlı yarımmüdafiəçi son vaxtlar ehtiyatda qalmasına da münasibət bildirib. O, deyib ki, bu barədə baş məşqçi Bülənt Korkmazla söhbəti olmayıb: “Əlbəttə, ehtiyat oyunçular skamyasında oturmaq mənə çox pis təsir edir. Mütəmadi oynamağa alışmışam. Hələlik, bu barədə baş məşqçi ilə hər hansı bir söhbətim olmayıb. Ümumiyyətlə, o da mənə bu barədə bir kəlmə də deməyib. Vaxtilə yığma komandanın heyətində Korkmaza qarşı oynamışam. Onun futbolçu kimi nəyə qadir olduğunu hamı bilir”.

Mahmud Qurbanov “Bakı”ya makedoniyalı Qyoko Hacıyevskinin vaxtında cəlb olunub. Bir 1 ildir burada oynamasına baxmayaraq, rəhbərlik səviyyəsində hörmət qazanıb. Hətta klubun prezidenti Hafiz Məmmədov Mahmuda məşqçi işləməyi də təklif edib. Lakin Mahmud bizimlə söhbətində bildirdi ki, futbol oynamaqdan hələ də doymayıb: “Mənə qayğı göstərdiyinə görə, Hafiz müəllimə təşəkkür edirəm. Bu barədə hələ konkret qərara gəlməmişəm. Yəqin ki, futbolçu karyeramı bitirdikdən sonra məşqçi işləyəcəyəm. Hazırda çempionatın qızğın vaxtıdır. Hər kəs oyunları düşünür. Düzdür, istedadlı uşaqlar yetişir. Biz onlara hər zaman nə isə öyrətməliyik. Azərbaycan futbolunun gələcəyi onlardan asılıdır. Hələ futboldan doymamışam. Həm də oynamağı da yadırğamamışam. Futboldan getmək mənim üçün çətindir”.

Qurbanov sonda “Bakı”nın cari mövsüm üçün hədəflərindən danışıb: “Hazırda vəziyyətimiz bir qədər düzəlib. Həm çempionatda, həm də ölkə kubokunda mübarizəni davam etdiririk. İnşallah, əlimizdən gələnin ən yaxşısını edib, ümidləri doğrultmağa çalışacağıq”.

Xatırladaq ki, Mahmud Qurbanov müxtəlif komandaların heyətində 10 dəfə Azərbaycan çempionu olub. Bu futbolumuz üçün rekord göstəricidir.
0