Jaba: Bülənt Korkmazın gedişi komandaya ciddi təsir etməyəcək
24.03.2010 - 11:08
Jaba: Bülənt Korkmazın gedişi komandaya ciddi təsir etməyəcək
“Təbii ki, Bülənt Korkmaz futbolda sözünü demiş bir insandır. Amma o, getmək qərarına gəldi. Hər birimiz onun qərarına hörmətlə yanaşmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın braziliyalı futbolçusu Jaba klubun rəsmi saytına açıqlamasında deyib.

Peşəkar futbolçu olduqlarını vurğulayan 29 yaşlı hücumçu bu səbəbdən Bülənt Korkmazın baş məşqçi postundan gedişinin onlara ciddi təsir göstərməyəcəyini bildirib: “Bizim işimiz meydana çıxıb, futbol oynamaqdır. Hazırda komandanın baş məşqçisi postunda kimin olması fərq etməz”.

Cari mövsümdə “Bakı”nın ən məhsuldar futbolçusu olan Jaba növbəti oyunlarda “Neftçi”yə məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib: “Son oyunda məğlub olduğumuz üçün kədərləndik. Amma hələ heç nə itirilməyib. Çalışmalıyıq ki, qarşıdakı oyunlarda daha yaxşı oynayıb, uğurlu nəticə qazanaq”.

Qeyd edək ki, Bülənt Korkmaz “Bakı”nın Unibank Premyer Liqasının son turunda “Neftçi”yə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.
0