“Azərbaycan çempionatı pulun hesabına birtəhər ayaq üstdə dayanır”
24.03.2010 - 15:35
“Azərbaycan çempionatı pulun hesabına birtəhər ayaq üstdə dayanır”
“Azərbaycanla Ukrayna futbolu sürət və ustalıq səviyyəsi ilə fərqlənir. Azərbaycana Braziliya və Argentinadan futbolçular gəlsə də, onların səviyyəsi hətta Ukraynadakı legionerlərdən də aşağıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” komandasının sabiq kapitanı Mixail Starostyak deyib. 37 yaşlı müdafiəçi ötən yay futbol karyerasını bitirərək iki il yarım oynadığı Azərbaycanı tərk edib.

Keçən mövsüm “Simurq”un heyətində Azərbaycan Premyer Liqasının bürünc medalını qazanan M. Starostyak uzun illər Donetskin “Şaxtyor” komandasında uğurlu çıxışı ilə tanınıb. “Donbass Arena”da donetskli azarkeşlərlə onlayn rejimdə bir saat ünsiyyət quran Mixail “Simurq”un və Azərbaycan çempionatının özəlliyindən danışıb: “Orada 6-7 komanda heç də pis maliyyə imkanlarına malik deyil. Fikrimcə, elə bu Azərbaycanda çempionatın birtəhər ayaq üstdə durmasının səbəbidir. Əgər oyun üslublarını müqayisə etsək, orada hücum etməyi çox sevirlər. “Simurq”da yeni çıxış etməyə başladığım zaman komandada yalnız iki-üç futbolçu müdafiə olunurdu. Qalanları hücum edir və müdafiəyə qayıtmırdı. Sonradan legionerlərə limit ləğv olundu və əcnəbilərin hesabına futbolun səviyyəsi bir az qalxdı. “Simurq”da libero ilə oynayırdıq. Azərbaycanlılara xətti müdafiədə oynatmağı öyrətmək çətin idi. Buna görə də son müdafiəçi ilə oynamağa məcbur olurduq. O da komanda yoldaşlarını sığortalayırdı”.
0