“Bakılı”nın prezidenti: “Belə davam edərsə, çempionatdan çıxacağıq”
24.03.2010 - 16:21
“Bakılı”nın prezidenti: “Belə davam edərsə, çempionatdan çıxacağıq”
Azərbaycan çempionatının birinci divizionunda çıxış edən “Bakılı” klubu AFFA-nın İntizam Komitəsinin (İK) qərarından şikayət edib. Bu haqda apasport.az saytına məlumat verən klubun prezidenti Misir Əbilov qurumun çıxardığı qərarla bağlı AFFA-nın Ekspert və Apellyasiya Komitəsinə rəsmi müraciət etdiklərini bildirib.

Birinci divizionda XIV turda “Neftçi İSM” – “Bakılı” oyununda baş verən xoşagəlməz olaylara hüquqi qiymət verən İK qonaqları ümumilikdə 4020 manat cərimələyib. Ən ağır cəzaya “Bakılı”nın futbolçusu Elnur Hüseynov məruz qalıb. Belə ki, Elnur yan xətt hakiminə bədən xəsarəti yetirdiyi üçün 2 illiyə futboldan kənarlaşdırılıb. M. Əbilov isə futbolçular Əli Hüseynov və Təhmuraz Rzayev kimi hakimləri təhqir etdiyi üçün cəzalandırılıb. Klub prezidenti özünə görə 400 manat cərimə ödəməklə yanaşı, 4 oyun texniki zonadan kənarda qalmalı olacaq.

Qərarı ağır hesab edən M. Əbilov bu qərara yenidən baxılması üçün rəsmi müraciət edib: “AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədovun adına məktub yazmışam. Hazırda Novruz bayramı ilə əlaqədar istirahət olduğu üçün apellyasiya şikayətimizə iş günləri başlayan kimi baxılacaq. Hakimlər həmin oyunda bizə qarşı ədalətsiz olub. İki penaltimizi vermədilər, iki qolumuzu saymadılar. Bütün bunlar futbolçularımızın hərəkətinə təsir göstərdi. Elnur hakimə ciddi xəsarət yetirməyib ki, onu iki illiyə futboldan kənarlaşdırasan. PFL prezidenti Ramin Musayevə müraciətimdə hakimlərlə bağlı ölçü götürülməsinin vacibliyini söyləmişəm”.

M. Əbilov çempionatdan çıxmağı düşündüklərini də gizlətməyib: “Ancaq bu haqda hələ qəti qərar verməmişik. Apellyasiya Komitəsinin qərarını gözləyəcəyik. Şikayətimizin nə dərəcədə təmin olunmasından çox şey asılıdır. Belə davam edərsə, çempionatda iştirakı davam etdirməyimiz qeyri-mümkündür”.

Qeyd edək ki, ilk dövrəni lider kimi başa vuran “Bakılı” hazırda turnir cədvəlində 4-cü yerdə gedir.
0