“Xəzər-Lənkəran”ın qapıçısının gəlişi bir mistika idi”
24.03.2010 - 16:48
“Xəzər-Lənkəran”ın qapıçısının gəlişi bir mistika idi”
Rusiyanın “Saturn” klubunun futbolçusu Dmitri Kiriçenko “Xəzər-Lənkəran”ın qapıçısı Dmitri Kramarenko ilə qeyri-adi görüşdən danışıb. Apasport.az saytının məlumatına görə, vaxtilə Rusiya Premyer Liqasının bombardiri olan təcrübəli hücumçu Moskva MOİK-ində bir yerdə oynadığı adaşını yada salıb.

Məlum olduğu kimi, “Saturn”la “Xəzər-Lənkəran” qış fasiləsində Türkiyənin Antalya şəhərində yoxlama oyununda görüşüb. Həmin oyunda iştirak edən Kiriçenko komanda yoldaşı Dmitri Loskovla söhbəti zamanı birdən Kramarenkodan söz salıblar. Təcrübəli futbolçular bundan az sonra qarşılarında azərbaycanlı adaşlarını görməyi sirr, müəmma kimi qəbul ediblər: “Azərbaycan çempionu ilə yaxınlarda oyunumuz zamanı Loskov fasilədə məndən soruşdu: “Sizdə MOİK-də Azərbaycandan qapıçı, Kramarenko var idi. Bilmirsən, indi o hardadır?” Mən də çiynimi çəkdim. Bir dəqiqə sonra Kramarenkonun bizə tərəfə gəldiyini görürük. Sən demə, o, bu komandada ikinci qapıçıdır. İşə bax, insan haqda illərdir xatırlamırdıq, onu yada salan kimi, buyur qarşındadır. Bu, bir mistika idi”.

Qeyd edək ki, “Saturn”a həmin oyunda qələbəni (1:0) azərbaycanlı futbolçusu, əslən Lənkərandan olan Emin Mahmudov vurduğu qolla qazandırıb.
0