“Qalatasaray”ın keçmiş prezidenti bu gün dəfn olundu
24.03.2010 - 17:52
“Qalatasaray”ın keçmiş prezidenti bu gün dəfn olundu
Martın 22-də gecə Bursa şəhərində müalicə olunduğu xəstəxanada vəfat edən “Qalatasaray” klubunun keçmiş prezidenti Özhan Canaydın eyni şəhərdə dəfn olunub. Apasport.az saytının məlumatına görə, Canaydın martın 24-də Bursadakı Hamitlər məzarlığında torpağa tapşırılıb.

Vəsiyyətinə uyğun olaraq mərhumun dəfni sadə təşkil olunub. Əvvəlcə onun cənazəsi ortağı olduğu şirkətin fabrikinin bağçasına gətirilib və burada qısamüddətli vida mərasimi keçirilib. Canaydının vəsiyyətinə uyğun olaraq işçilərdən halallıq istənilib. Bu zaman işçilərin əksəriyyəti göz yaşlarını saxlaya bilməyib. Sonra cənazə məscidə aparılıb. Cənazə namazından sonra Canaydın dəfn edilib. Dəfn mərasiminə “Qalatasaray” klubunun prezidenti Adnan Polat, klubun indiki və keçmiş rəhbərliyi, klub üzvləri, Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənər və federasiya rəhbərliyi, “Fənərbaxça”, “Trabzonspor” və “Bursaspor” klublarının prezidentləri, milli komandanın və “Qalatasaray”ın sabiq baş məşqçisi Fateh Terim, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçiləri, keçmiş nazirlər Kürşad Tüzmən və Murad Başəskioğlu, İstanbul valisi Müəmmər Gülər, İstanbulun bələdiyyə başqanı Qədir Topbaş, İstanbul və Bursanın polis rəisləri, keçmiş və indiki futbolçular, eləcə də çoxlu sayda sadə insan qatılıb. Ölkə prezidenti Abdulla Gül mərasimə çələng göndərib.

Qeyd edək ki, 2,5 ildir pankreas (mədəaltı vəz) xərçəngindən əziyyət çəkən 67 yaşlı Özhan Canaydın martın 22-də yerli vaxtla saat 23.34-də vəfat edib. Canaydın 2002-2008-ci illərdə “Qalatasaray”ın prezidenti olub.
0