“Belə futbolçularla işləmək daha rahatdır” - MÜSAHİBƏ
25.03.2010 - 00:01
“Belə futbolçularla işləmək daha rahatdır” - MÜSAHİBƏ
“Bakı” klubunun baş məşqçi əvəzi Məqsəd Yaqubəliyevin apasport.az saytına müsahibəsi

- Baş məşqçi Bülənt Korkmazın istefasını necə qarşıladınız?
- Onun baş məşqçi postundan gedişi mənim üçün gözlənilməz oldu. Açığı, Korkmazın “Neftçi” ilə oyundan sonra istefa verəcəyini gözləmirdim. Təbii ki, mövsümün sonuna yaxın baş məşqçi dəyişikliyi arzuolunmazdır və bu komandaya təsir edəcək. Biz də çalışacağıq ki, bu təsir müsbət istiqamətdə olsun.

- Komandanın cari mövsümün sonunadək sizə tapşırılacağını gözləyirdiniz?
- Komandanı mövsümün qalan oyunlarına məşqçilər korpusu hazırlaşdıracaq. Bura mənimlə bərabər, qapıçılarla işləyən məşqçi Aydın Salatan və aşağı yaş qruplarında çalışan şəxslər daxildir. Korkmazın köməkçilərindən mənimlə Salatan qalıb. Təbii ki, belə bir komandaya iki məşqçi tam yetərli olmadığı üçün aşağı yaş komandalarımızdan cavabdeh şəxslər də məşqçilər korpusuna daxil oldu. Yəni, “Bakı”nı bundan da yaxşı vəziyyətə qaldırmağa birgə çalışacağıq.

- Sizə baş məşqçi vəzifəsini icra etməyi tapşıran klub rəhbərliyi ilə nəyi müzakirə etdiniz?
- Klub rəhbərliyinə ilk növbədə mənə güvəndikləri üçün təşəkkürümü bildirirəm. Hər halda, bizə güvənilməsəydi, bu addım atılmazdı. Təbii ki, komandanın strategiyası var və biz də bunu qorumağa çalışacağıq. “Bakı”nın hədəfi həmişə çempionluq və kuboku qazanmaq olub. Hazırda bu istiqamətdə işlərimiz heç də pis getmir. Növbəti turda “Qəbələ” ilə oyuna ciddi hazırlaşırıq. Korkmazın istefasından sonra bu gün ilk məşqə çıxdıq. Qarşıda vuran vəzifələrin yerinə yetirilməsində yardımçı olmaq üçün əlimizdən gələni edəcəyik.

- Belə bir vəziyyətdə ağır məsuliyyətin altına girmək heç də asan deyil...
- Təbii ki, məsuliyyət çox böyükdür. Hər halda, biz də biliyimizə, təcrübəmizə güvənirik. Bu səbəbdən gələn təklifdən imtina etmədik.

- Korkmazın cəzalı olduğu “Qarabağ”la oyuna komandanı siz çıxardınız. Türkiyəli baş məşqçini texniki zonada əvəzlədiniz və ayağınız düşərli oldu. Hər halda, “Bakı” həmin görüşdə cari mövsümdə ən yaxşı oyununu göstərib, 2:0 hesablı inamlı qələbə qazandı...
- Bunu bəxtlə, düşərli olmaqla əlaqələndirmirəm. Komanda həqiqətən də yaxşı oynamağı bacarır. Bizə lazım olan oyunları yüksək səviyyədə keçirib. “Qarabağ”la görüş də bunlar sırasında idi. Elə oldu ki, həmin oyunda texniki zonada mən oldum. Futbolçular sağ olsun ki, həmin oyunda verdiyimiz tapşırıqları canla-başla yerinə yetirdilər. Nəticədə qələbə gəldi, bizə vacib olan 3 xalı qazandıq.

- Kənardan gətirilən məşqçiyə komanda ilə tanış olmaq vaxt lazım olacaq. Korkmazın köməkçisi olmağınız bu baxımdan sizə üstünlük verir. Belə demək olar ki, bu mənada işiniz bir qədər asanlaşır?
- Təbii ki, komandanın içində olan məşqçi ilə yeni gələn – bunlar tamam fərqli şeylərdir. Biz məşqçilər korpusu olaraq, hazırlıq prosesinin necə getdiyini, komandanın durumunu, fiziki, texniki, taktiki, psixoloji planda hazırlıq səviyyəsini yaxşı bilirik. Biz bu prosesin içindəyik. Ona görə də burada olan məşqçiyə işləmək daha rahatdır, nəinki yenə gələn mütəxəssisə.

- Korkmazla yarım illik işbirliyi sizə nə verdi? Ondan sonra komandanı qəbul etmək, hazırlaşdırmaq asandır, yoxsa çətin?
- Hər bir insanın müsbət cəhətləri var və bunu görmək lazımdır. Bülənt Korkmazla bir yerdə çalışmaq mənə böyük təcrübə verdi. Onun dövründə komandada nizam-intizam çox yüksək səviyyədə oldu. Təbii ki, futbolçularda nizam-intizam olan yerdə nailiyyət əldə etmək asandır. Korkmazdan peşəkarlığın qurulması, komandada nizam-intizamın yüksək səviyyədə qalması istiqamətində çox şeyləri görüb-götürdüm. Futbolçular belə bir komandada peşəkarlığın nə olduğunu yaxşı anlayırlar. Bu mənada belə oyunçularla işləmək daha rahatdır.

- “Bakı”nın qarşısına qoyduğu məqsədə çatmaq perspektivinə necə baxırsınız? Buna nail olmaq üçün ilk növbədə nəyə diqqət yetirilməlidir?
- Hazırda çempionatın strukturu elə qurulub ki, qızıl medallar uğrunda 6 komanda oynayır. Hazırda onların hamısının, o cümlədən bizim buna şansımız var. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifənin öhdəsindən gələk. Bunun üçün komandada nizam-intizamı yüksək səviyyədə saxlamaq, hazırlığımızı düzgün qurmaq, məşqlərdə çox çalışmaq, rəqiblərimizi düzgün təhlil etməyi bacarmaq lazımdır. Bu istiqamətdə işlərimizi qura bilsək, komandamızın potensialı yüksək nailiyyət əldə etməyə imkan verir. Futbolçularımızın potensialı, işlərinə münasibəti, peşəkarlığı bir yerdə götürəndə, bunlar bizə “Bakı”nın yüksək yerlərə oynamağa qadir olduğunu deməyə əsas verir.

- Nəticə baxımından qarşınızda duran konkret vəzifə nədir?
- İstər peşəkar futbolçu, istərsə də məşqçi olsun – hər birimiz komandaya gələndə qarşımızda nə vəzifə durduğunu bilirik. Bunu deməyə ehtiyac yoxdur. Həmişə klub öndə olub. Bu, həm məşqçilər korpusuna, həm də futbolçulara aiddir. Futbolçular adından deyirəm ki, bura gələndə hansı vəzifələrin yerinə yetirməyin lazım olduğunu, məsuliyyəti yaxşı anlayırlar. “Bakı” həmişə çempionluğa və kuboka oynayıb.

- Maraqlıdır ki, 2006-cı ildə “Bakı” qızıl medallara qovuşanda da çempionatın sonuna 8 tur qalmışdı. Sizcə, tarix təkrarlana, tale yenə komandanın üzünə gülə bilərmi?
- Tarix həmişə təkrarlanır. Komandanın həm çempionluğu, həm də kuboku qazanmağa şansı böyükdür. Hər iki istiqamətdə sonadək vuruşacağıq.

- İndiki dövrdə heyətlə bağlı böyük dəyişiklər etməyə ehtiyac görürsünüzmü?
- Yox. Böyük dəyişiklər gözlənilmir. Ancaq bu, heyətə düşmək yönündə kimlərinsə yolunun bağlanacağı demək deyil. Heyət optimallaşıb. Ora düşmək uğrunda yenə daim mübarizə gedir. Kim özünü daha yaxşı tərəfdən göstərəcəksə, həmin futbolçulara üstünlük veriləcək. Bu, elə də güclü dəyişiklik mənasına gətirmir.

- Bu mənada ehtiyata düşən seneqallı qapıçı Xalidu Sissoko, digər təcrübəli futbolçular sizin dövrdə əsas heyətdə oynamaq şansı qazanacaqlarmı?
- Sissokonun uzun müddət ehtiyatda qalması ilə reallıq olsa da, razılaşmıram. O, hər komandanın heyətində görmək istədiyi futbolçudur. Sissoko peşəkar, həmişə hazır olan qapıçıdır. Onunla digər qapıçımız Marko Şarliya arasında elə bir böyük fərq yoxdur. Qarşıdakı oyunlarda Sissokonu da heyətə qoyacağıq. Futbolda belədir ki, bir müddət axtarışda olduqdan sonra nəhayət, optimal heyət müəyyənləşir. Bu gün optimal heyətin olması digər futbolçularımızın zəif olması demək deyil. Onların hər birinə şans verilir ki, əsas heyətə layiqli futbolçular olduğunu sübut etsinlər. Hər birindən tam istifadə etmək üçün bu gün çempionatda o qədər də sıx qrafik yoxdur. Yəqin ki, arada kubok oyunları vaxtı digərlərinin xidmətindən istifadə edəcəyik.
0