“Bülənt Korkmazın dedikləri səbəb yox, bəhanədir”
25.03.2010 - 16:48
“Bülənt Korkmazın dedikləri səbəb yox, bəhanədir”
“Bülənt Korkmaz baş məşqçi postundan istefasına ondan xəbərsiz keçirilən iclasın səbəb olduğunu bildirib. Ancaq bu, səbəb yox, bəhanədir. Əvvəla iclas istefa qərarından 15 gün öncə, martın 8-də keçirilib. Bundan başqa, həmin vaxt Korkmaz Türkiyədə olsa da, onun köməkçiləri burda idilər. Yəni, toplantı məsələsi istefaya səbəb ola bilməz”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Türkiyəli çalışdırıcı Bülənt Korkmazın “Bakı”nın baş məşqçisi vəzifəsindən gözlənilməz gedişi barədə danışan Məmmədov ortada konkret səbəbin olmadığını nəzərə çatdırıb. O, “Qalatasaray”ın əfsanəvi kapitanına yüksək şərait yaratdıqlarını vurğulayıb: “İclası uğursuz oyunlardan, ən əsası isə “Standard”la öz meydanımızda 1:1 hesablı qarşılaşmadan sonra klub prezidenti Hafiz Məmmədovun tapşırığı əsasında keçirmişik. Bu qərarı heç də özbaşına qəbul etməmişəm. Toplantıda məqsədimiz oyunçuları “ayıltmaq”, onları qarşıdakı matçlara kökləmək idi. Futbolçuların nəzərinə çatdırdıq ki, bizim potensialımız böyükdür. Onlarla müqavilə bağlayanda çempionluğa və qızıl medallara oynadığımızı demişdik. 5-6-cı yerlərə oynayan olsaydıq, legionerlər nəyimizə lazım idi? Yəni, Korkmazın sözlərinin əksinə olaraq, iclasda taktika, texnikadan danışılmadı. Ümumiyyətlə, “Bakı” klubunun tarixində ən yaxşı şərait məhz Korkmaza yaradılmışdı. O, hər şeylə təmin olunmuşdu, sərbəst idi, hər şeyi özü istədiyi kimi edirdi. Necə deyərlər, klubun həm prezidenti, həm vitse-prezidenti, həm də baş məşqçisi idi. Hətta Türkiyəyə gedəndə də heç kimə heç nə söyləmirdi. Deyirdi ki, filan şey lazımdır, “baş üstə” deyib, yerinə yetirirdik. Bir sözlə, ona super şərait qurmuşduq”.

Zeynal Məmmədov türk məşqçinin “Bakı”nın bəzi rəsmiləri uğuru həzm edə bilmədilər” fikrinə də münasibət bildirib: “Belə fikirlərin hamısı cəfəngiyatdır. Qoy, Korkmaz konkret ad çəksin. “Bakı”nın hansı rəsmisi uğuru həzm etməyib? Mən? Yoxsa digər vitse-prezidentlər Yaşar Seyidovla Tunc Afşar? Biz həmişə vahid komanda olmuşuq. Ola bilsin ki, Korkmaz şəxsi problem ucbatından istefa verib. Hər halda, biz onun qərarına hörmətlə yanaşırıq”.
0