Arif Ərdəm sərbəst buraxıldı, Fatih Akyel isə həbs olunur
25.03.2010 - 17:36
Arif Ərdəm sərbəst buraxıldı, Fatih Akyel isə həbs olunur
Türkiyədə danışılmış və manipulyasiya edilmiş oyunlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılmış “Qalatasaray”ın sabiq futbolçusu, hazırda “İstanbul BB” klubunun məşqçisi Arif Ərdəm, eləcə də bu komandanın iki üzvü Taner Gülleri və Kənan Hasaqiç sərbəst buraxılıblar. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, adıçəkilən şəxslər ifadələri alındıqdan sonra öz klublarının düşərgəsinə yollanıblar.

Jurnalistlərə açıqlama verən Arif Ərdəm günahsız olduğunu və istənilən vaxt ifadə verməyə hazır olduğunu söyləyib: “Bizi evimizdən götürdülər və gecəni burada keçirdik. Hüquq-mühafizə orqanlarına yardımçı olmaq üçün əlimizdən gələni etdik. İş 50 yox, 550 səhifə olsa da, mən bunun içində deyiləm. Psixoloji durumum çox yaxşıdır. Çünki bu işin mənimlə heç bir əlaqəsi yoxdur. Hamıya dedim ki, nə zaman ehtiyac yaransa, gəlib ifadə verməyə hazıram”.

“Qalatasaray”ın sabiq futbolçu, karyerasının qürub çağını “Təpəcikspor”da yaşayan Fatih Akyelin də ifadəsi alınıb. Onun sərbəst buraxıldığı bildirilsə də, sonradan həbs olunması barədə məhkəmə qarşısında iddia qaldırıldığı haqda məlumat yayılıb.

Ümumiyyətlə, sözügedən əməliyyatda 46 nəfər saxlanılıb, daha 7 nəfər isə axtarışdadır.
0