“Mənə “Xəzər-Lənkəran” - “Neftçi” görüşü barədə sual verməyin”
29.03.2010 - 23:04
“Mənə “Xəzər-Lənkəran” - “Neftçi” görüşü barədə sual verməyin”
“Xəzər-Lənkəran” – “Neftçi” görüşü haqda danışa bilmərəm. Mənə bu oyun haqda sual verməyin”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın hakim-inspektoru Əhmədağa Cabbarov deyib.

Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran” – “Neftçi” görüşündə hakim-inspektor kimi təyinat alan Cabbarovun hakimliklə bağlı fikirləri maraqlı idi. Hər halda, əsas müzakirə obyekti Əfqan Həmzəyevin başçılıq etdiyi hakimlər briqadasının idarəçiliyidir. “Xəzər-Lənkəran” rəhbərliyi prinsipial rəqibi ilə qolsuz heç-heçə nəticələnən görüşdə əsas günahı Həmzəyevdə görür. Çimərlik futbolu üzrə FİFA referisinin “Neftçi”yə vurulan iki qolu saymamağı, penalti zərbəsinin təyin edilməməyi lənkəranlıları özündən çıxarıb və bu, sonda insidentə səbəb olub.

Hakimlərin idarəçiliyini məhz hakim-inspektorun qiymətləndirildiyi nəzərə alsaq, Həmzəyevə neçə bal verilməsi maraq doğurur. Ancaq nəinki hakimlik, oyun haqda danışmaqdan imtina edən Cabbarov Nizam-İntizam Məcəlləsinin qaydalarına riayət etməyi üstün tutdu: “Mən oyunla bağlı şərh verə, hakimlərə qiyməti açıqlaya bilmərəm. Qanunvericilik buna imkan vermir. Biz bununla bağlı müvafiq sənədə qol çəkmişik”.
0