İlqar Qurbanov: Əlvida gips, əlvida “Olimpik-Şüvəlan”!
29.03.2010 - 23:07
İlqar Qurbanov: Əlvida gips, əlvida “Olimpik-Şüvəlan”!
“Ayağımdakı gipsi açıblar. Artıq sərbəst şəkildə hərəkət edə bilirəm. Düzü, futbol üçün darıxmışam. Mümkün qədər tez bərpa prosesi keçib, yaşıl meydançaya qayıtmaq istəyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında "Olimpik-Şüvəlan"ın yarımmüdafiəçisi İlqar Qurbanov deyib.

Yayda Türkiyəyə qayıtmasını istisna etməyən Qurbanov hazırkı komandasını tərk etmək fikrindədir: “Olimpik-Şüvəlan”la müqaviləmin müddəti mayda başa çatır. Hazırda valideynlərim mənim yanımdadır. Türkiyədən birdəfəlik köçməmişik. Azərbaycanda çempionata yekun vurulan kimi Türkiyəyə dönəcəyəm. Əsas məqsəd istirahət etməkdir. Amma Türkiyədə qalıb futbol oynamağım da mümkündür. Əlbəttə, hər şeyi zaman göstərəcək”.

Xatırladaq ki, İlqar Qurbanov Türkiyədə "Sivasspor" və "Boluspor"un formasını geyinib.
0