İspaniya çempionu Azərbaycan klubu ilə qarşılaşacaqlarına sevinir
30.03.2010 - 17:42
İspaniya çempionu Azərbaycan klubu ilə qarşılaşacaqlarına sevinir
“Dördlər finalı”nın püşkatmasının nəticələrini müsbət qəbul edə bilərik. Hər halda, “Araz” iddiaçılar arasında ən az tanınandır. Hərçənd, “Araz”ın bizə qarşı yaxşı köklənəcəyi ilə də üz-üzə qala bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “İntervyu” klubunun kapitanı Luis Amado deyib.

Futzal üzrə UEFA kubokunun yarımfinalında Azərbaycan çempionu “Araz”ın rəqibi olan ispanların qapıçısı titulu qorumağın sirrini açıqlayıb. Dünyanın ən titullu futzalçılarından olan Luis Naxçıvan təmsilçisi ilə görüşə final gözüylə baxacaqlarını bildirib: “Yarışda qalib gəlməyimiz çoxlarının düşündüyü qədər də asan olmayacaq. Hər halda, meydan sahibləri Portuqaliya “Benfika”sı da, İtaliya “Luparense”sini də hesabdan silmək olmaz. Avropada favoritlik uzun sürmür. Burada hər matça final kimi yanaşmaq lazımdır”.

Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Dördlər finalı”nın yarımfinal görüşləri aprelin 23-də, final və III yer uğrunda matç isə 25-də baş tutacaq.