Runi zədələndi - FOTO
31.03.2010 - 12:55
Runi zədələndi - FOTO
“Mançester Yunayted” futbol komandasında çıxış edən İngiltərə Premyer Liqasının bombardiri Ueyn Runi zədələnib. Lent.az-ın məlumatına görə, 25 yaşlı hücumçu Almaniyanın “Bavariya” klubu ilə keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda topuğundan xəsarət alıb.

“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson Runinin zədəsinin o qədər də ciddi olmadığını bildirib. Bununla belə, Ferqyuson futbolçunun “Çelsi” ilə aprelin 3-də keçiriləcək Premyer Liqa matçını buraxmasının mümkünlüyünü etiraf edib. Hücumçunun bərpasının dəqiq tarixinə bu gün aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.

Ueyn Runi bu mövsüm “Mançester Yunayted”in heyətində çıxış etdiyi bütün turnirlərdə 34 qol vurub. Bunlardan 26-sı İngiltərə Premyer Liqasına təsadüf edib.

Qeyd edək ki, “Mançester Yunayted” “Bavariya” ilə martın 30-da keçirilmiş qarşılaşmada 1:2 hesabı ilə uduzub. Cavab oyunu aprelin 7-də “Old Trafford” stadionunda baş tutacaq.