Tuyqun Nadirov: Xırda səhvə görə hakimə 3 oyunluq cəza verilmir
31.03.2010 - 13:18
Tuyqun Nadirov: Xırda səhvə görə hakimə 3 oyunluq cəza verilmir
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- AFFA-nın İntizam Komitəsinin “Xəzər-Lənkəran” - “Neftçi” oyunu ilə bağlı komandanız haqda çıxardığı qərara münasibətiniz necədir?
- Qərar tam ədalətlidir. Kim nəyə layiq idisə, cəzasını aldı. AFFA-nın qərarına hörmətlə yanaşırıq və bunun obyektivliyinə şübhə etmirik. Bu, ən azından gələcəkdə futbolumuzun inkişafına, kütləviləşməsinə xidmət edən bir qərardır. Məsələlərə AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla obyektiv baxılıb və çıxarılan qərarlar “Xəzər-Lənkəran”ı tam qane edir.

- Komandanız 35 min manat cərimələnib və razılaşın ki, bu, çox böyük məbləğdir...
- 35 min manat bir neçə məqama görə kəsilib. Ən vacib odur ki, azarkeşlərimiz öz sevimli stadionlarında komandalarını dəstəkləyəcək.

- İstənilən halda, zərbə kluba dəyib...
- 35 min manat cərimədən danışırsa, məsələnin digər tərəfinə də baxmaq lazımdır. Stadionumuza 20 min manatdan çox ziyan dəyib. Əlbəttə, maddi tərəfdən uduzan klubdur. Biz də istəməzdik ki, bu qalmaqal baş versin. Əlbəttə, buna haqq qazandırmırıq. Ancaq əfsuslar ki, baş verdi. İlk növbədə texniki vasitələr yararsız hala salındı.

- Sözlərinizdən belə çıxır ki, apelyasiya şikayəti vermək fikrində deyilsiniz?
- Bu, prezidentin qərarıdır. Çıxarılan qərardan hansısa bir məsələ ilə bağlı Apelyasiya Komitəsinə müraciət edəcəyimiz istisna deyil.

- Baş məşqçi Ağasəlim Mircavadova verilən 4 oyunluq cəzanın yüngülləşməsi üçün müraciət etməyiniz mümkündür?
- Ola bilsin ki, Mircavadovun məsələsinə görə müraciət etdik. Ancaq bu da klubun prezidentinin qərarından asılıdır.

- Cəzalanan təkcə komandanız olmadı. Məsələn, “Neftçi” ilə matçın baş hakimi Əfqan Həmzəyevə 3 oyunluq cəza verildi. Bu, “Xəzər-Lənkəran”ın hakimlə bağlı narazılığında haqlı olduğunu göstərirmi?
- Baş hakimə 3 oyunluq cəza verilibsə, bu, xırda səhvə görə edilmir. Xırda səhvə görə belə cəza ola bilməz. Özü də nəzərə alaq ki, indi “altılıq”, derbi oyunlar gedir. Mən bu məsələyə şərh vermək istəmirəm. Onu demək istəyirəm ki, AFFA-nın rəhbərliyi çox ədalətli, obyektiv qərar çıxarıb. Bu, istər hakim, istərsə də Hakimlər Komitəsi və AFFA-nın nümayəndəsi ilə bağlıdır.

- AFFA prezidentinin əmri ilə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova töhmət verilib, PFL başçısı Ramin Musayevə xəbərdarlıq edilib...
- Bütün bunlar oyunla bağlı olan şeylədir. Yenə də deyirəm ki, bu xoşagəlməz olayların olmasını istəməzdik. Ancaq bunu yaradan amillər olub. Nəticədə azarkeşlər qıcıqlanıb və stadionda xoşagəlməz hadisələr baş verib. Əlbəttə, AFFA rəhbərliyi bu məsələdə çox ədalətli mövqe tutub və obyektiv qərar qəbul edib. İndiyədək, “Xəzər-Lənkəran”ın stadionunda azarkeşlərin meydana düşməsi, belə narazılıq etməsi, bu kimi hallar olmayıb. Azərbaycanda elə bir klub yoxdur ki, orada belə şeylər baş verməsin. Klubumuz yaranan gündən, stadionumuz açılan, orada oynadığımız vaxtdan belə şey baş verməmişdi. Bunun ilk dəfə olduğunu da nəzərə almaq lazımdır.

- Gələcəkdə belə xoşagəlməz halların təkrarlanması üçün ciddi tədbirlərə, azarkeşlərlə görüş planlaşdırırmı?
- Əlbəttə, belə görüşlər olacaq. Bununla bağlı müəyyən planlarımız var. Azarkeşlərimizin bir az təmkinli olması üçün müəyyən addımlar atılacaq.

- Stadionun direktoru Höccət Hacıyev də cəzalananlar arasındadır. Onda günah görürsünüzmü?
- Onun kiminlə mübahisə etdiyini bilmirəm. Əlbəttə, stadionun direktoru texniki avadanlığa görə məsuliyyət daşıyır. Ora külli miqdarda ziyan dəyəndə o da gəlib etirazını bildirir. Stadionumuzun direktoru kiməsə fiziki təzyiq etməyib, kimisə təhqir etməyib. Sadəcə, yaxınlaşıb öz iradını bildirib.

- Bəs Hacıyevin 10 oyunluq kənarlaşdırılmasını necə başa düşdünüz?
- Mən elə başa düşürəm ki, Hacıyev hakimlərə etirazını sərt şəkildə bildirdiyi üçün belə cəzalanıb. O, stadiona külli miqdarda ziyan dəyməsinə görə iradını bildirib. Yenə deyirəm, biz də öz günahımızı başa düşürük və belə bir şeyin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Heç kim belə məsələlərdə udmur, əksinə, uduzur. Söhbət ondan gedir ki, hakimin oyunu necə aparmasından narazılıq var idi. Hakimin 90 dəqiqə idarəçiliyi nəticəsində böyük narazılıq baş vermişdi.

- Klubunuzun sahibi Mübariz Mənsimovun bu məsələlərlə bağlı mövqeyi maraqlıdır...
- Mübariz müəllim baş verənləri izləyir, bütün məlumatlardan xəbərdardır. Baş verənlərə görə qəzəblənib, bunları bəyənmir. Belə deyək ki, klubun əməkdaşları belə xoşagəlməz olayların baş verməsinə imkan verməməli idi. Hakim necə idarə etsə də, azarkeşlərimizin oyuna müdaxilə etməsinə imkan verilməməli idi. Mübariz müəllim bütün bunlardan çox narazıdır. O, baş verənlərə görə bizə iradını bildirir.

- Ola bilər ki, klub daxilində də cəzalar olsun?
- Təbii ki, bu, istisna deyil. Ancaq bu, klubdaxili məsələdir. Misal üçün, futbolçumuz qeyri-futbol hərəkətinə görə cərimə alırsa, klubun daxili nizam qaydasına əsasən cəzalandırılır. Özü də bu, həmin məbləğdən qat-qat çox olur.

- Sizcə, Mircavadovun 4 oyunda texniki zonada olmamağı komandaya təsir göstərəcəkmi?
- Əlbəttə, təsir edəcək. Ancaq Ağasəlim müəllimin yetərincə savadlı, bilikli köməkçiləri var. Elə başa düşürəm ki, onlar işlərinin öhdəsindən gələcəklər.