Azərbaycan və Moldova yığmaları mayda iki dəfə görüşəcək
31.03.2010 - 17:30
Azərbaycan və Moldova yığmaları mayda iki dəfə görüşəcək
Azərbaycan və Moldova yığmaları mayda iki dəfə görüşəcək. Apasport.az saytının məlumatına görə, AFFA ilə Moldova Futbol Federasiyasının (MFF) rəhbərliyi həmin ay təkcə əsas yox, 21 yaşlılardan ibarət yığmalar (U-21) arasında da yoldaşlıq görüşü keçirməyi razılaşdırıb.

Mayın 26-da Azərbaycanla Moldovanın milli komandaları neytral meydanda, konkret Avstriyanın İnsburk şəhərində görüşəcək. Bundan bir gün sonra isə U-21-imiz bu ölkədən olan həmyaşıdlarının qonağı olacaq.

Oyunun harada keçiriləcəyi hələ məlum deyil. Onun Tiraspol şəhərində “Şerif” İdman Kompleksinin stadionunda və ya paytaxt Kişinyovda “Zimbru”nun bazasında baş tutacağı gözlənilir. Yoldaşlıq görüşünün məkanı ilə bağlı üçüncü variant da var. Belə ki, MFF mayda kurort qəsəbəsi Vadul-luy-Vodıda öz stadionunu istifadəyə verməyi planlaşdırır. İşlər həmin vaxta yekunlaşarsa, yığmamız moldovalılarla yeni arenada görüşəcək.

Qeyd edək ki, Azərbaycanla Moldovanın U-21-ləri indiyə kimi dörd dəfə görüşüb. Bunlardan ikisi rəqibin qələbəsi ilə nəticələnib. Bir oyun heç-heçə bitib, birində isə yığmamız qalib gəlib. Topların fərqi 4-2 Moldovanın xeyrinədir.