Səbuhi Səfiyarlı ölkə futbolunun 100 illik tarixi haqda kitab yazır
01.04.2010 - 10:09
Səbuhi Səfiyarlı ölkə futbolunun 100 illik tarixi haqda kitab yazır
Ukrayna mətbuatında öz futbol tarixlərinə ən çox biganə olan ölkələr arasında Azərbaycanın da adı çəkilib. Bu, qarşıdan 100 illik yubileyi gələn futbolumuz üçün qeyri-adi xəbər olmadı. İndiyədək futbol tariximizi əks etdirən tutarlı kitabların olmamasındandır ki, hətta bəzi erməni müəlliflər Ermənistan futbolunun tarixindən yazarkən, ötən əsrin əvvəllərində Bakıda yaranan komandaların özlərinə aid olduğunu qeyd edirlər.

Səbuhi Səfiyarlı və Elçin Rüstəmovun müəllifi olduqları “Neftçi-70, Unudulmayan keçmiş” kitabı mənfur qonşulara layiqli cavab olsa da, bu yalnız işin bir hissəsidir. Bu barədə apasport.az saytına açıqlama verən Səfiyarlı ukraynalı jurnalistin belə qənaətə gəlməsinin əbəs olmadığını dedi: “Biz “Neftçi”nin 70 illik yubileyinə həsr olunmuş kitabı yazarkən, Azərbaycan futboluna aid material toplayarkən də eyni halla qarşılaşmışdıq. 100 illik tarixi olan futbolumuz haqda P.Parsadanovun 1970-ci ildə çap olunmuş “Azərbaycan Futbolunun Səlnaməsi”ndən başqa bir şey yoxdur ki, bunu da kitab adlandırmaq gülüncdür. Rəsmi tarixi 1911-ci ildən hesablanan bir futbol səlnaməsini 45-50 səhifəyə yerləşdirməyin başqa adı yoxdur. Bu sahədə bir neçə kiçik həcmli kitab olsa da, onlar ensiklopedik məlumatları əks etdirmir. Yalnız 650 səhifəlik “Neftçi-70, Unudulmayan keçmiş” kitabı futbolumuzun çox böyük bir dövrünü əks etdirən hissəsi haqda dolğun məlumatları əks etdirir”.

Gələn il Azərbaycanda futbolun yaranmasının 100 illiyi tamam olacaq. Bu barədə hər hansı tədbirlərin keçiriləcəyi haqda məlumat olmasa da, “Neftçi” klubunun mətbuat xidmətinin keçmiş rəhbəri bu haqda yeni kitab üzərində işlədiklərini də bildirdi: “Neftçi” haqda kitabın həmmüəllifi olan Elçin Rüstəmovla birlikdə futbolumuzun 100 illik tarixini əks etdirən böyük bir kitab üzərində işə başlamışıq. 2 cilddən ibarət olacaq kitabı 2011-ci ilin əvvəlində çapa verməyi planlaşdırırıq. Orda da 1911-ci ildən indiyə qədər Azərbaycanda baş vermiş futbol hadisələri, komandalarımızın SSRİ çempionatlarındakı çıxışları haqda dolğun məlumatlar əksini tapacaq”.

Kitabın Azərbaycan dilində olacağını vurğulayan müəllif, hər hansı təklif olacağı halda, rus və ya ingilis variantlarının da çapının mümkünlüyünü qeyd etdi.