“Xəzər-Lənkəran”ın futbolçusu: “Qalatasaray”da oynamaq istəyirəm
02.04.2010 - 11:24
“Xəzər-Lənkəran”ın futbolçusu: “Qalatasaray”da oynamaq istəyirəm
“Xəzər-Lənkəran” klubunun futbolçusu Cem Fələk karyerasını “Qalatasaray”da davam etdirmək istəyir. Apasport.az saytının məlumatına görə, 14 yaşlı vunderkind “Cim-Bom”un formasını daşımağı arzulayır.

Dünyanın ən yaxşı futbolçuları sayılan Lionel Messi və Kriştiano Ronaldonun pərəstişkarı olan Cem türk oyunçulardan Arda Turanı özü üçün örnək götürüb. Almaniyada yaşayan türkiyəli futbolçu tarixi vətənində oynamaq istəyini açıqlayıb: “Kim istəməz ki, “Qalatasaray” və ya “Fənərbaxça”da oynasın. Amma mən daha yüksək zirvələrə çatmaq üçün Avropada yetişmək istəyirəm. İnşallah, gələcək illərdə bəlkə də Türkiyə klublarında oynadım”.

Qeyd edək ki, transfer hüquqları 5 illik müqavilə bağladığı “Xəzər-Lənkəran”a məxsus olan Fələk hazırda icarə əsasında Frankfurtun “Ayntraxt” klubunda çıxış edir. O, bir neçə gün əvvəl İspaniya “Barselona”sı ilə ilkin müqaviləyə imza atıb.