“Xəzər-Lənkəran” əcnəbi hakim istəmir
02.04.2010 - 11:55
“Xəzər-Lənkəran” əcnəbi hakim istəmir
“Xəzər-Lənkəran” rəhbərliyi əcnəbi hakim ideyasını dəstəkləmir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi Unibank Premyer Liqasının XXV turunda “Neftçi” ilə qalmaqallı oyunda FİFA referisi Əfqan Həmzəyevin idarəçiliyindən narazı qalsa da, yerli hakimlərin səviyyəsinə şübhə etmir.

“Xəzər-Lənkəran” rəhbərliyi indiki vəziyyətdə yerli hakimlərin əcnəbilərlə əvəzlənməsini istəmir və “Qarabağ”la qarşıdakı oyunu ispaniyalı hakimlərin idarə edəcəyi ilə bağlı yaydığı xəbər isə sadəcə, 1 aprel zarafatı imiş.

Qeyd edək ki, Peşəkar Futbol Liqası və AFFA-nın Hakimlər Komitəsinin birgə qərarı ilə növbəti turdan Premyer Liqanın oyunlarını idarə edəcək hakimlərin adları oyun günü açıqlanacaq. Çempionatın təşkilatçıları bu yolla son vaxtlar daha çox gündəmdə olan hakimlik problemini həll etmək niyyətindədir.

Neqativ halların qarşısını almaq məqsədilə ötən mövsümün sonunda da bu üsuldan istifadə olunub. Hakimlər tur öncəsi oteldə təlim-məşq toplanışına cəlb edilməklə, ətraf aləmdən təcrid olunur.