ŞOK: Türkiyə milli komandası macarlarla oyunu satın alıb!
02.04.2010 - 23:00
ŞOK: Türkiyə milli komandası macarlarla oyunu satın alıb!
Türkiyənin “Vatan” qəzeti ictimaiyyəti şok edən məlumat yayıb. Apasport.az saytının xəbərinə görə, “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav Respublika Prokurorluğuna istintaqa çağırılan zaman Türkiyənin AVRO-1996-nın seçmə mərhələsində Macarıstanla oyunda rəqib qapıçı Jolt Petrini satın aldığını etiraf edib.

Cavca bildirib ki, həmin dövrdə Ankara təmsilçisinin şərəfini qoruyan Macarıstan yığmasının qapıçısı Türkiyə Futbol Federasiyasından (TFF) 25 min dollar rüşvət alıb: “Oyun alqı-satqısını federasiya rəhbərliyi həyata keçirib. Bizim klubda qapıçı Petri vardı. O, öz ölkəsini satdı. Federasiya gizlincə ona 25 min dollar verib. Mən də bunu öyrənən kimi müqaviləsi olmasına baxmayaraq, onu komandadan qovdum”.

Həmin vaxt İsveçlə birlikdə 2-ci yer uğrunda mübarizə aparan Fatih Terimin komandası Macarıstanla oyunda Hakan Şükürün qolları sayəsində qələbə (2:0) qazanmış və sonda tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.

Maraqlıdır ki, Petri 1996-cı ildən Macarıstan millisinə dəvət almayıb. 2008-ci ildə Macarıstan millisinin qapıçı məşqçisi olan 43 yaşlı mütəxəssis hazırda Almaniya “Hoffenheim”ində eyni vəzifəni tutur.

Qeyd edək ki, TFF-nin oyun satın aldığı barəsində keçmiş hakim Erman Toroğlu da “TRT Haber” kanalının bir proqramında bəyanat verib. Lakin o, konkret heç bir oyun haqqında danışmayıb.