“Çempionluq yarışı “İnter”lə “Xəzər-Lənkəran” arasında gedəcək”
02.04.2010 - 23:07
“Çempionluq yarışı “İnter”lə “Xəzər-Lənkəran” arasında gedəcək”
Ötən il avrokuboklarda yaxşı çıxış edən “Qarabağ”ın cari mövsümdə də uğur qazanacağı gözlənilirdi. Heyətini qoruyub saxlayan Ağdam təmsilçisinin bunu bacaracağına çoxları ümid edirdi. Lakin indi bu klubun vəziyyəti fərqlidir. Ölkə kuboku ilə vidalaşan “Qarabağ” bütün ümidini Unibank Premyer Liqasına bağlayıb. Burada da vəziyyət yaxşı deyil. Bu mənada “Xəzər-Lənkəran”la səfər oyunu Ağdam təmsilçisinin taleyinə böyük ölçüdə təsir edə bilər. “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqovla söhbətimizin əsas mövzusu da bu oldu.

- “Qarabağ” Premyer Liqanın ilkin mərhələsində uğurlu çıxış etsə də, final oyunlarına uğursuz start verdi. “Bakı” və “Qəbələ”yə məğlubiyyətdən sonra doğma meydanda “İnter”lə heç-heçə oynadınız. Komandanın uğursuz çıxışını nə ilə əlaqələndirirsən?
- Hər komandanın oyununda enişli-yoxuşlu dövr olur. İş elə gətirdi ki, uğursuz çıxışımız final mərhələsinin oyunlarına təsadüf etdi. Mən komandanın bu uğursuzluğunu yorğunluqla əlaqələndirirəm. Təqvimin sıx olması və 2-3 gündən bir oyun keçirməyimiz belə demək mümkünsə, bizi yordu. Bütün bunlara kubok oyunlarını da əlavə etsək, qrafikimizin nə qədər gərgin olduğunu görərik. Ancaq bütün bunlar arxada qaldı. Qaldığımız yerdən yola davam edəcəyik. Düzdür, “İnter” və “Xəzər-Lənkəran”dan bir qədər geri qalmışıq, ancaq bu, futboldur, hər an hər şey ola bilər.

- Hazırda komandada vəziyyət necədir? Yəni “Qarabağ”ı “Xəzər-Lənkəran”la oyuna tam hazır hesab etmək olarmı?
- Bəli, bayaq dediyim kimi, artıq bütün problemlər arxada qalıb. Təqvimin normala düşməsi bizim də işimizin bir qədər yüngülləşməsinə səbəb olub. Komanda olaraq bütün yorğunluğu üzərimizdən atmışıq. “Xəzər-Lənkəran”la oyuna tam hazırıq.

- Yeri gəlmişkən, Lənkərandakı oyundan nə gözləyirsən?
- Çempionatda asan oyun olmur. Xüsusən ilk “altılıq”dakı oyunlar çox gərgin keçir. Hansı komandanın qalib gələcəyini əvvəlcədən təxmin etmək mümkün deyil. “Xəzər-Lənkəran” Premyer Liqanın final mərhələsinə pis başlamayıb. Şübhəsiz, onlar doğma meydanda oynamağın üstünlüklərindən istifadə etməyə çalışacaqlar. Ancaq biz də asan təslim olmaq niyyətində deyilik. Hər oyuna olduğu kimi, bu qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq.

- Səncə, “Qarabağ” istəyinə çata biləcəkmi?
- Əvvəlcədən nəsə demək düz olmazdı. “Xəzər-Lənkəran” “İnter”lə birgə çempionluğa bir nömrəli namizəddir. Bu cür oyunlarda istənilən nəticə ola bilər. Yəni biz də uda bilərik, “Xəzər-Lənkəran” da. Düşünürəm ki, sonacan mübarizə aparacaq komanda meydanı qalib tərk edəcək. Son oyunlarda uğursuz çıxış etməyimizə baxmayaraq, bu görüşə yaxşı motivasiya olmuşuq. Komanda olaraq qələbə qazanacağımıza inanırıq.

- İkisi kubok oyunu olmaqla cari mövsümdə 5-ci dəfə “Xəzər-Lənkəran”la qarşılaşacaqsınız. Belə demək mümkünsə, Cənub təmsilçisinin zəif cəhətlərini müəyyənləşdirmisinizmi?
- Hər komandanın üstün və zəif cəhətləri olur. “Xəzər-Lənkəran”ın nəyə qadir olduğunu yaxşı bilirik. Eyni sözləri onlar barədə də demək olar. Yəni biz onların hansı zəif cəhətləri olduğunu biliriksə, onlar da bizim axsayan tərəflərimizi bilir. Səviyyəli legionerlərdən təşkil olunmuş komandadır. Lənkəranda keçirdikləri oyunlarda inamlı təsir bağışlayırlar. Biz onların, onlar da bizim zəif cəhətlərimizdən yararlanmağa çalışacaqlar.

- “Qarabağ”ın son oyunlarda uğursuz çıxış etməsini yorğunluqla əlaqələndirdin. Necə düşünürsən, komandanın “qara zolağa” düşməsi futbolçularda ruh düşkünlüyü yaradıbmı?
- Xeyr. Komandamızın gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, belə bir problem yoxdur. Hamımız bir nəfər kimi qarşıdakı oyunlara köklənmişik. Ruh düşkünlüyü o vaxt olar ki, komandanın heç bir şansı qalmaz. Bizim ki, şansımız davam edir. Nəyə görə ruhdan düşməliyik?

- Etiraf etmək lazımdır ki, birinci pillədəki “İnter”lə 6 xallıq fərqi azaltmaq heç də asan olmayacaq. Üstəlik, komandanız sonuncu turda doğma meydanda bu rəqibini məğlub edə bilmədi. Konkret olaraq, komandanın məqsədi nədir?
- Düzdür, “İnter”lə 6 xallıq fərqi azaltmaq asan deyil. Belə demək mümkünsə, çempionluq yarışı “İnter” və “Xəzər-Lənkəran” arasında gedəcək. Bizim əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır.

- Belə başa düşdüm ki, çempionluq haqda fikirləşmirsiniz...
- Realist olmaq lazımdır. Son oyunlarda itirdiyimiz xallar bizi xeyli geri saldı. Qalan oyunlarımızı qələbə ilə başa vurub rəqiblərimizin xal itirməsinə ümid edəcəyik. Hərçənd çətin ki, “İnter” və “Xəzər-Lənkəran” bundan sonra asan xal itirsin. Sabahkı (bu gün - söhbət dünən olub - r) oyundan çox şey asılı olacaq. Qələbə qazanacağımız təqdirdə yenidən çempionluq mübarizəsinə ortaq olacağıq.

- İstərdik oyunla bağlı öz proqnozunu bildirəsən...
- Proqnoz verməyi xoşlamıram. Bayaq dediyim kimi, Lənkərana qələbə dalınca gedirik. Əvvəlcədən onu deyə bilərəm ki, maraqlı və gərgin oyun keçəcək. Stadiona gələcək tamaşaçılar həyəcanlı oyunun şahidi olacaqlar.

- “Xəzər-Lənkəran”ın “Neftçi” ilə evdə keçirdiyi oyunda baş verənlərdən xəbərin var. Qorxmursan ki, eyni hadisələr “Qarabağ”la oyunda da təkrarlansın?
- Lənkərandakı hadisələrdən xəbərim var. Belə halların baş verməsi heç də xoş deyil. Bununla bağlı, İntizam Komitəsi “Xəzər-Lənkəran”ı cəzalandırıb. İnanmıram ki, eyni hallar yenidən təkrarlansın.

- İntizamsız hərəkətinə görə son oyunlarda iştirak etməyən Elnur Allahverdiyevin “Xəzər-Lənkəran”la görüşdə meydana çıxmaq şansı var. Necə düşünürsən, xal itirdiyiniz oyunlarda onun yoxluğunu hiss etdinizmi?
- Bizim komplektləşmiş komandamız var. Elnur özünü sübut etmiş futbolçudur. Müdafiədəki inamlı çıxışı ilə seçilir. Milli komandaya mütəmadi olaraq dəvət alır. Şübhəsiz, onun yoxluğunu müəyyən mənada hiss etdik. Ancaq Elnurun mövqeyində çıxış edən yoldaşımız da pis təsir bağışlamadı.

- Ümumiyyətlə, milli komandanın üzvünün belə intizamsız hərəkət etməsinə münasibətin necədir?
- Hər insanın müəyyən problemləri olur. Elnurun da problemləri var idi. Ona görə də intizamsız hərəkət edib. Özü də yanlış hərəkət etdiyinin fərqindədir. Artıq bütün bunlar arxada qalıb. Həm klub rəhbərliyi, həm də baş məşqçimiz Qurban Qurbanov ona çox güvənir. İnanıram əvvəlki tək komandaya öz töhfəsini verəcək.

Mənbə: “Futbol dünyası” qəzeti