“Bu turnirin Azərbaycan yığmasına böyük faydası olacaq”
03.04.2010 - 09:43
“Bu turnirin Azərbaycan yığmasına böyük faydası olacaq”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Oliver Pelzer yetirmələrindən məmnundur. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis İtaliyada Manlio və Loris Skorpinyoların xatirəsinə həsr olunan sayca 18-ci ənənəvi turnirin iştirakçısı olan komandasından razıdır.

Yarışın qrup mərhələsinin üçüncü turunda “Roma”ya 2:3 hesabı ilə uduzan komandamız baş məşqçidə müsbət fikir yaradıb. Görüşdən sonra AFFA-nın rəsmi internet saytına açıqlama verən Pelzer futbolçularımızı tərifləyib: “Hesabda geri düşdükdən sonra iki qol vurub birinci hissəni qalib tamamladıq. Bu, çox gözəl haldır. Lakin ikinci hissədə buraxdığımız səhvlər üzündən məğlub olduq. Məğlubiyyətə baxmayaraq, komandanın formalaşmasında bu turnirin bizə böyük faydası olacaq”.

Qeyd edək ki, yığmamız turnirdəki ilk matçında “Ternana” ilə heç-heçə etmişdi – 2:2.