Nazim Süleymanov: O, məni təəccübləndirdi
05.04.2010 - 12:53
Nazim Süleymanov: O, məni təəccübləndirdi
"Doroş komandanın əsas hücumçularından biridir. "Turan"a qarşı çox yaxşı çıxış etdi və üç qola imza atdı". Bu sözləri apasport.az saytına açıqlamasında "Olimpik Şüvəlan"ın baş məşqçisi Nazim Süleymanov deyib.

Doroş Unibank Premyer Liqasının XXVI turunda "Turan" üzərində qazanılan qələbədə böyük əmək sərf edib. Belə ki, moldovalı legioner "Olimpik-Şüvəlan"ın 4 qolundan üçünün müəllifi olub. Azərbaycan yığmasının sabiq kapitanı Nazim Süleymanov Doroşdan bu cür oyun gözləmədiyini gizlətməyib: "Düzü, Doroş məni yaxşı mənada təəccübləndirdi. Ondan belə oyun gözləmirdim".

Süleymanov Doroşun növbəti turlarda da fəal olmasını arzulayıb: "Biz ondan məhz bu cür oynamasını istəyirik. Hücumçunun işi qol vurmaqdır. Əminəm ki, Doroş bunu yaxşı dərk edir".

Qeyd edək ki, Doroş hazırda 11 qolla "Neftçi"nin üzvü Adrean Neaqa ilə birlikdə bombardirlər siyahısına başçılıq edir.