“Bu suala beynəlxalq görüşlərdə cavab verə bilərəm” - MÜSAHİBƏ
11.04.2010 - 09:48
“Bu suala beynəlxalq görüşlərdə cavab verə bilərəm” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıtdıqdan sonra Unibank Premyer Liqasının XXVII turunda “Standard” – “Simurq” görüşünü izlədi. Sumqayıtda keçirilən qarşılaşmadan sonra almaniyalı çalışdırıcı apasport.az saytına verdiyi müsahibədə bir sıra maraqlı fikirlər səsləndirib

- Əvvəlcə istərdik “Standard” – “Simurq” oyunu ilə bağlı fikirlərinizi bildirəsiniz...
- Maraqlı oyun olduğunu deyə bilmirəm. 4 qol vurulmasına baxmayaraq, sürətli futbolun şahidi olmadım. Futbolçular az hərəkət edirdilər. Xüsusən ilk hissədən razı qalmadım.

- Bəs milli komandaya cəlb etdiyiniz Fərid Quliyevin oyununu necə, bəyəndiniz?
- Fərid çox maraqlı futbolçudur. Bir neçə dəfə qol vurmaq şansı oldu. Ancaq bunların birindən istifadə etdi, bir qolun da ötürməsini verdi. Xoşuma gəldi.

- Necə düşünürsünüz, əvvəlki oyunu ilə müqayisədə “artırbmı”?
- Bu suala ancaq beynəlxalq görüşlərdə cavab verə bilərəm, bu cür oyunlarda yox.

- Milli komandanın ilkin heyətini açıqlamısınız. Yığmanın təlim-məşq toplanışının proqramı hazırdırmı?
- Bəli, ilk növbədə taktiki baxımdan məşqlər edəcəyik, sonra fiziki hazırlığa üstünlük verəcəyik. Çünki Lüksemburq millisi ilə oyun göstərdi ki, komanda tam hazır deyildi. Hiss olunurdu ki, biz 3 ay birlikdə olmamışıq. Təlim məşq toplanışında əsasən fiziki və taktiki hazırlıq keçəcəyik.

- Bu gündən (söhbət dünən olub – red) etibarən ölkəmizdəsiniz və Premyer Liqanın oyunlarının izləyirsiniz. Təlim-məşq toplanışına qədər başqa futbolçuların dəvət olunması gözlənilirmi?
- Xeyr.

- Liviya Futbol Federasiyasının vitse-prezidenti Farj Məhəmməd Ben Salim Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirmək istədiklərini açıqlayıb. Buna müsbətiniz necədir?
- Mənim bundan xəbərim yoxdur. Ona görə də indidən bir söz deməyim düz çıxmaz.

- Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağımız rəqibləri siz özünüz seçmisiniz, yoxsa qarşı tərəfin belə bir istəyi olub?
- İki rəqib - Honduras və Makedoniya yığmaları ilə yoldaşlıq görüşü keçirməyimiz mənim seçimimdir. Honduras dünya çempionatında iştirak edəcək. Ona görə onu seçdim. Makedoniya millisini isə oyunlarının Türkiyə yığmasının oyun üslubuna yaxın olduğu üçün seçdim. Əsas odur ki, milli komandamız mövsümün sonunda 3 yoxlama görüşü keçirəcək. Bu da komandanın, futbolçuların bir-birilərinə uyğunlaşmaq baxımından əhəmiyyət kəsb edir. Amma ondan da vacib olan əsas məsələ futbolçuların mayda tibbi baxışdan keçmələridir.