Mahir Şükürov meydanı xərəkdə tərk etdi, “Anji” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
11.04.2010 - 13:28
Mahir Şükürov meydanı xərəkdə tərk etdi, “Anji” 3 xalı 4 qolla qazandı - YENİLƏNİB
Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Anji” klubu bu gün Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Mahaçqala təmsilçisi V tur çərçivəsində Novosibirskdə “Sibir” komandasının qonağı olub.

Bakı vaxtı ilə saat 12:30-da start fiti verilən qarşılaşma “Spartak” stadionunda keçirilib. “Anji”nin baş məşqçisi Hacı Hacıyev həmyerlimizə start heyətində yer verib.

Xatırladaq ki, II turda qırmızı vərəqə aldığından cəzalı duruma düşən futbolçumuz növbəti həftə meydana çıxa bilməmişdi. IV turda da Mahir ehtiyatda qalmışdı.

Smolenskdə baş verən təyyarə qəzası ilə bağlı oyun bir dəqiqəlik sükutla başlayıb. Qeyd edək ki, qəzaya uğrayan təyyarədə prezident Lex Kaçinski və xanımı da daxil olmaqla, Polşa dövlətinin elitası həlak olub.

Şükürovun komandası hesabı açır. 21-ci dəqiqədə David Soraev fərqlənir.
Mahaçqala təmsilçisi ikinci qolu vurur. 34-cü dəqiqədə Yan Qolenda hesabı 2:0-a çatdırır.

İkinci hissənin əvvəllərində, 48-ci dəqiqədə Mahirin ötürməsindən sonra Qolenda başla özünün ikinci, “Anji”nin üçüncü qolunu vurur. – 0:3. 10 dəqiqə sonra meydan sahiblərinin heyətində Medvedev bu qollardan birinin əvəzini çıxır – 1:3.

Görüşdə daha bir qol. Bu dəfə də “Sibir” sevinir. Astafayev 60-cı dəqiqədə fərqi minimuma endirir - 2:3.

Meydan sahibləri bu qoldan sonra 2 futbolçu azlıqda qalır. 68-ci dəqiqədə Aleksey Aravin, 2 dəqiqə sonra Aleksandr Makarenko Şükürova qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulur.

Həmyerlimiz zədələndiyindən 73-cü dəqiqədə Eldar Mamayevlə əvəzlənir.
Deyəsən, Şükürovun zədəsi ciddidir. Futbolçumuz meydanı xərəkdə tərk edir.

Bu da altıncı qol! İlk qolun müəllifi Soraev uzatma dəqiqələrində dubla imza atır. Bu, artıq “Anji”nin Sibirdən 3 xalla qayıdacağı deməkdir.

Qazanılan 4:2 hesablı qələbədən sonra “Anji” xalını 7-yə çatdırır.