Cüneyt Biçer: Bizim də “İnter” qədər çempion olmaq şansımız var
11.04.2010 - 23:01
Cüneyt Biçer: Bizim də “İnter” qədər çempion olmaq şansımız var
“Əvvəlki oyunlarda da bir neçə qol vəziyyəti yaratsaq da, bunlardan istifadə edə bilmirdik. Bu görüşdə ilk hissədən etibarən bir neçə imkanımız oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Cüneyt Biçer deyib.

“Bakı”nın “Xəzər-Lənkəran” üzərində qələbə qazanmasına münasibət bildirən türkiyəli məşqçi komandasındakı ab-havadan razılığını bildirib: “Biz bir ailəyik. Bu mehribanlığımız davam etdiyi müddətcə hər şey çox asanlaşacaq”.

O futbolçular arasında fərq qoymadığını və hər oyuna fərqli heyətlə çıxara biləcəyini bildirib. Həmçinin, qazanılan 3 xaldan sonra çempionluq şanslarının daha da artığını sözlərinə əlavə edib: “Oyunçular arasında fərq qoymuram. Hamısı mənim üçün eyni dəyərdə olan futbolçulardır. Hər komandanın oyun üslubuna görə futbolçulara şans verirəm. Bu qələbədən sonra çempionluq şansımız daha da artdı. Faizə bölmək istəməzdim. Amma onu deyim ki, bizim də ən az “İnter” qədər çempion olmaq şansımız var”.