Azərbaycanlı oyun “alverçisi”nin “dostları” ifşa olundu
13.04.2010 - 10:28
Azərbaycanlı oyun “alverçisi”nin “dostları” ifşa olundu
Avropa futbolunda növbəti oyun alqı-satqısı aşkarlanıb. Apasport.az saytının məlumatına görə, Latviyanın “Ventspils” klubunun 3 futbolçusu haqqında araşdırmalara yekun vurub. Yarım ildən çoxdur gedən təhqiqatlar Denis Kaçanov, Vitas Rimkus və Saşa Çelinşekin yayda baş tutan avrokubok matçlarındakı əməllərini üzə çıxarıb.

Klub rəhbərliyi məsələ ilə bağlı UEFA və Latviya Futbol Federasiyasına da məlumat verib. Bu “üçlük” Lüksemburqun “Dudelanj” və İsveçrənin “Sürix” klubları ilə görüşlərdəki “oyun”una görə komandadan da qovulub.

Qurumlara təqdim olunan rəsmi sənəddə onların Rayko Dyuriçiç ilə əlbir olması əks olunub. Soyadından sabiq yuqoslaviyalı olduğu ehtimal olunan bu şəxs Azərbaycanda totalizatorun rəhbəri kimi qələmə verilib. Məhz bu azərbaycanlı “alverçi” matçlarda adıçəkilən oyunçuların lazım olan nəticə üçün “xidmət etməsinə” tapşırıq verib. “Həmyerlimizin” Latviyaya vizasının açılmasını araşdıran “Ventspils” rəhbərliyi Miqrasiya Departamentinə Rimkusun müraciət etdiyini aşkarlayıb. Futbolçunun dəvəti ilə Latviyaya üz tutan Dyuriçin biletlərini isə Çelinşek sifariş edib. Totalizatorun rəhbəri isə komandanın avrokuboklardakı çıxışı boyu hadisələrə elə Latviyadan rəhbərlik edib.