Vladimir Miçoviç “Neftçi” klubundan gedəcəyini istisna etmir
13.04.2010 - 13:16
Vladimir Miçoviç “Neftçi” klubundan gedəcəyini istisna etmir
“Əvəzedici komandaya göndərilməyimi şərh etmək istəmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun qapıçısı Vladimir Miçoviç deyib.

Baş məşqçi Arif Əsədov son oyunlarda uğursuz nəticələri nəzərə alaraq, üç futbolçunu əvəzedici komandaya göndərib. Bunlar arasında komandanın ən uzun müddətli legioneri sayılan serbiyalı Miçoviç də var. 2005-ci ildən “ağ-qaralar”da oynayan qapıçı türkmən yarımmüdafiəçi Nazar Bayramov və kamerunlu hücumçu Valentin Atem kimi əsas komandadan kənarlaşdırılıb.

Vaxtilə “Neftçi”nin əvəzedilməz qapıçısı olan Miçoviç Vaqif Sadıqovun cari mövsümdə baş məşqçi postuna gəlişindən sonra əsas heyətdə yerini itirdi. Litvalı həmkarı Paulius Qribauskasın əvəzləyicisinə çevrilən təcrübəli qapıçı hazırkı çalışdırıcısının qərarına şərh verməyə lüzum görmədi: “Bu haqda danışmaq istəmirəm. Əvəzedici komandamızın hazırlığına qatılmışam. “Neftçi” ilə müqaviləm cari mövsümün sonunda bitmir. Buna hələ çox var. Mövsümün sonunda komandada qalıb-qalmayacağımı deyə bilmərəm. Bunu zaman göstərəcək. İndi bu haqda fikirləşmirəm”.

Qeyd edək ki, Miçoviç üçün “altılıq”da keçirdiyi yeganə oyun uğursuz alınıb. Qapıçı “Qəbələ” ilə ev oyununda 90+5-ci dəqiqədə qol buraxıb və bu, sonda məğlubiyyətə (1:2) səbəb olub.