Arif Əsədov “Qarabağ”la oyundan sonra istefa veribmiş
13.04.2010 - 16:18
Arif Əsədov “Qarabağ”la oyundan sonra istefa veribmiş
“Qəbələ” və “Qarabağ”a məğlubiyyətlər mənə pis təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Unibank Premyer Liqasında uğursuz çıxış edən komandasının məğlubiyyətlərindən, çıxış yolunun görünmədiyindən bezən mütəxəssis postundan istefa vermək istədiyini açıqlayıb. Ağdamda “Qarabağ”a 0:2 hesabı ilə uduzduqdan sonra rəhbərlik Əsədovu saxlamağı bacarıb: “Elə buna görə də doğma komandamın durumunu görmək, bunun səbəbkarlarından biri olmaq mənə ağırdır. Ağdamdakı məğlubiyyətdən sonra da bu səbəbdən istefa vermək istəyimi rəhbərliyə çatdırdım. Onlar məni sakitləşdirib komandanı mövsümün sonunadək çalışdırmağımı dedilər. Söz verdilər ki, vəziyyətdən çıxış yolu tapmaqda da kömək edəcəklər”.

Üç futbolçunu – Nazar Bayramov, Vladimir Miçoviç və Valentin Atemi əvəzedici komandaya göndərən Əsədov digərlərinin də cəzası qalmadığını açıqlayıb: “İslahatlar zəruri idi. Daxili ab-havanı dəyişmək üçün nə isə edilməlidir. Son turlarda ümidləri doğrultmadıqlarından onları əvəzedici komandaya göndərdik. Bundan başqa bütün futbolçulara böyük məbləğdə para cəzası kəsdik. Ümid edirəm ki, bundan sonra onlar özlərinə gəlib matçlara normal köklənər”.

Mənbə: extratime.az