“Türkiyəyə baxışa yox, müqavilə bağlamağa gedəcəyəm”
16.04.2010 - 23:07
“Türkiyəyə baxışa yox, müqavilə bağlamağa gedəcəyəm”
“Türkiyədə təlim-məşq toplanışında olanda bir neçə klub məşqçisi yoxlama görüşlərinə gəlib, oyunumu izləmişdi. Hətta bir neçəsi xidmətimdə maraqlı olduğunu bildirmişdi. Amma o vaxt “Olimpik-Şüvəlan”la müqaviləm vardı. Onlara dedim ki, inşallah, yaya doğru getdikcə məsələnin müzakirəsinə qayıdarıq. Türkiyədən qayıdandan sonra da əl çəkmirlər, tez-tez əlaqə saxlayıb vəziyyətimlə maraqlanırlar". Bu sözləri apasport.az saytına açıqlamasında "Olimpik-Şüvəlan"ın kapitanı Aqil Nəbiyev deyib.

28 yaşlı müdafiəçi qonşu ölkədə oynamaqda maraqlıdır. O, türk menecerin təkidi ilə 3 oyun diskini Türkiyəyə göndərdiyini bildirib: "Suat adlı menecer Türkiyədə oynamağım üçün zəmin formalaşdırıb. Oyun diskimi göndərsəm də, hələ hansı klubun mənimlə maraqlandığını bilmirəm. Düzü, özüm də Türkiyədə çıxış etməyin əleyhinə deyiləm. Amma disklərimi göndərməkdə tərəddüd edirdim. Buna baxmayaraq, Suatın xahişini yerə salmadım".

Nəbiyev razılaşma əldə olunarsa, baxışa deyil birbaşa müqaviləyə gedəcəyini söyləyib: "Baxışa getmək fikrim yoxdur. Əgər alınarsa, birbaşa müqavilə imzalamağa yollanacağam".

Futbolçu bildirib ki, Türkiyədə oynamaq məsələsi artıq 95 faiz həll olunub: "Danışıqlarda ciddi problemlər çıxmazsa, gələn mövsümdən "Bank Asiya" liqasında oynayacağam. Bu məsələ artıq 95 faiz həllini tapıb".

Qeyd edək ki, müdafiəçinin müqavilə müddəti bu mövsümün sonunda başa çatır.