Sabiq komandalarının qənimi
16.04.2010 - 23:20
Sabiq komandalarının qənimi
Azərbaycan Premyer Liqasının cari mövsümündə bombardirlər yarışı maraqsız alındı. Çempionat ərzində hücumçuların kifayət qədər passiv olması onların qol sayının kiçik rəqəmlərlə ifadə edilməsinə rəvac verdi.

Bəlkə də bu səbəbdəndi ki, az qol vuran bombardirlərin rəqabəti də çempionluq yarışının kölgəsində qaldı. Bu yarışın iştirakçıları da müxtəlif trayektoriya ilə irəliləyib maraqsız mübarizənin səbəbkarlarına çevrildi. Belə oyunçulardan biri "Olimpik-Şüvəlan"ın qol ümidi Anatoli Doroşdur.

Mövsümün startında vurduğu qollarla bu yarışın "kralı" olmağa iddiasını ortaya qoyan legioner tez alışdığı kimi tez də söndü. Qış yuxusundan ayılan moldovalı bir də yazın əvvəlində rəqib qapılarının hansı tərəfdə olduğunu xatırladı. İkinci “altılıq”da daha zəiflərlə oynamaq və onları məyus etməyin asanlığı onu bombardirliyə əsas namizədə çevirir. Axı autsayderlərə qol vurmaqla daha irəli getmək olar. Həm də Doroş çempionatlarımızın debütantı deyil ki, bu yarışda təcrübəsi olmasın. Azərbaycanda klubları az qala əlcək kimi dəyişən Anatoli hər mövsüm bir komandamızda oynamaqla özündən söz etdirib.

Hücumçunun ölkəmizdəki karyerasını vərəqləmək, legionerin buralarda necə möhkəmlənməsinə nəzər salmaq maraqlı olardı. Moldovalının Premyer Liqa tarixindəki oyunları və qollarını xatırlamaqla buna nail olmaq mümkündür.

2006/07 mövsümü ərəfəsində "MKT-Araz"ın ukraynalı baş məşqçisi İqor Nakoneçnı uzun illər çalışdığı Moldovadan tanış futbolçularını komandasına dəvət etdi. İmişliyə təşrif buyuranlar sırasında Doroş da var idi. Hücumçu yalnız ikinci turda yeni klubunda debüt şansı qazandı. Dörd il əvvəl avqustun 11-də "Gilan"la qarşılaşmadakı debüt qolla əlamətdar oldu. Ardınca "Neftçi", "Simurq" və "Bakı"nın da qapısına yol tapan moldovalı ardıcıl 4 matçda qol vurmaqla, debütü haqda müsbət fikir formalaşdırdı. Vurduğu qollardan sonra skripka çalırmış kimi bir jest edən Anatoli "skripkaçı" ləqəbini də qazandı. Amma deyəsən, Nakoneçnı yetirməsinin yaxasından gözmuncuğu asmamışdı. Sanki gözə gələn Doroş birinci dövrənin sonuna kimi qol vurmağı yadırğadı. Hətta İmişlidə "Xəzər-Lənkəran"la vacib oyunda penaltini də boşa verdi.

Düzdü, qış fasiləsi ərəfəsində onun qolu "Qarabağ" üzərində qələbəyə səbəb oldu. İkinci dövrədə də qeyri-sabit oynayan legioner aradabir qızışmağı da unutmadı. "Turan", "Gənclərbirliyi" və "Simurq"la ardıcıl matçlarda vurulan toplardan sonra o, yenə susdu. Bununla da, "MKT-Araz"da keçən ilk mövsümə 22 görüş keçirən Anatoli 8 qolun müəllifi oldu. Maraqlıdır ki, bu topların 5-i həmin matçda komandasının yeganə topu idi və həmin qarşılaşmalar 3 qələbə və 2 heç-heçəylə bitmişdi.

Doroş yeni mövsümdə də İmişli təmsilçisinə xidmət etmək arzusunda idi. Lakin klubun dağılmasından sonra o, paytaxtda peyda oldu. Yunis Hüseynovun dəvətiylə "Standard"ı keçən "skripkaçı" burada ümidləri doğrulda bilmədi. İlk turlar start heyətdə yer alıb fərqlənməyən Doroş üçüncü turda "Masallı"nı qola qonaq etdi. Sonradan start heyətində yerini birdəfəlik itirən forvard matçların sonlarında döyüşə atılmaqla heç nəylə yadda qalmırdı. Dövrənin sonunda Sumqayıtda ruzigar kimi əsən Anatoli "Gənclərbirliyi"ylə qarşılaşmanın qəhrəmanı oldu. Dekabrın 1-dəki oyunda moldovalı ölkəmizdəki ilk het-trikini rəsmiləşdirdi. Qış fasiləsində baş məşqçi postundakı dəyişiklik heyətdə də islahatlara səbəb oldu. Elə moldovalı da vətəninə qayıtmalı idi. Keçirdiyi 11 matça 4 qol vurub 1 dəfə xəbərdarlıq alan hücumçunun belə məhsuldarlığı klubunu qane etmirdi.

Yarım il vətənində çıxış edən Doroş Hüseynovun dəvətiylə ölkəmizə qayıtdı. Bu dəfə "Karvan"da peyda olan legionerin burada da işləri düz gətirmədi. Hərçənd hər şey əla başlamışdı. Yalnız üçüncü turda Yevlax təmsilçisində debüt edən moldovalı növbəti qarşılaşmada "Standard"dan qisas aldı. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi görüşdə iki qolun müəllifi sabiq "Standard"lı oldu. Növbəti turda isə 4 oyunda qol buraxmayan "Bakı" üzərindəki səfər darmadağınında (3:0) Doroşun da imzası var idi. Qış fasiləsinə kimi daha bir iki oyunluq qol seriyasına imza atan futbolçu MOİK və "Neftçi"ni məyus etdi. Bakılılarla səfər qələbəsinin memarı (1:0) ikinci dövrədə daha aqressiv oldu. Amma təkcə meydanda yox. Daha bir dəfə - "Bakılı"yla görüşdə fərqlənən Anatoli maaş davasına çıxaraq "Karvan"ı narazılıqla tərk etdi. Mövsüm bitməmiş vətəninə üz tutan qolçu bu müddətədək oynadığı 16 görüşdə 6 qola imza atmışdı.

Lakin ötən yay legioner yenidən Azərbaycanda idi. Bu dəfə "Olimpik-Şüvəlan" onu çağırmışdı. Həmin vaxtadək 3 klubda 49 matç keçirib 18 qol vuran legioner Əsgər Abdullayevin ümidlərin doğrultmalı idi. Mütəxəssis elə ilk turda ona şans versə də hücumçu növbəti matçda özünü göstərdi. Özü də Yevlaxda sabiq klubuna. Bu dəfə də o keçmiş komandasına 2 qol vurdu. "Karvan"da "Standard"a vurduğu kimi, "Olimpik-Şüvəlan"da da "Karvan"ın qapısından eyni sayda top keçirdi. Növbəti turda "İnter"i də məyus edən legioner bir matçlıq susqunluqdan sonra üç oyunluq qol seriyasıyla bombardirlər yarışındakı iddiasını ortaya qoydu.

Doroş "Turan", "Qəbələ" və "Xəzər-Lənkəran"ın qapısına yol tapdı. Sonuncularla görüşün taleyini həll edən zərbənin müəllifi olmaqla moldovalı 3 il əvvəlki səhvini düzəltmiş oldu. Növbəti dəfə topu tora qovuşdurmaq üçün Anatoli "Karvan"la matçı gözləməli oldu. Beş matçlıq qol həsrəti yenə sabiq komandayla görüşdə unuduldu. Lakin növbəti "oruc" daha uzun sürdü. Amma havaların soyuması sanki onun qış yuxusuna səbəb oldu. Yalnız final mərhələsində ayılan "skripkaçı" "Simurq"u 1, "Turan"ı 3 qolla "dəfn" etdi. Bununla da gəlmə futbolçu Premyer Liqadakı qollarının ümumi sayını 29-a çatdırdı.

İSMAYIL, “Ekspressfutbol” qəzeti