Vaqif Cavadov Hollandiya çempionatında debüt etdi
20.04.2010 - 10:04
Vaqif Cavadov Hollandiya çempionatında debüt etdi
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun uzun fasilədən sonra Hollandiya çempionatında debütü baş tutub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu bu ilin yanvarında transfer olunduğu “Tvente” klubunun əvəzedici heyətində ilk rəsmi matçını keçirib.

Həmyerlimiz “Sparta” ilə səfər oyununda start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Cavadov meydandan çıxan zaman komandası 0:2 hesabı ilə geridə olsa da, ikinci hissənin əvvəlində fərqi minimuma endirib. Vaqif kimi, zədədən sonra bərpa prosesi keçdiyi üçün ikinci komandaya göndərilən İraq yığmasının kapitanı Nəşət Əkrəm “Tvente”nin təsəlli qoluna imza atıb – 2:1. Yeri gəlmişkən, Cavadovla Əkrəm ötən il yığmaların yoldaşlıq oyununda bir-birinə rəqib olmuşdu.

Qeyd edək ki, əməliyyat olunan Vaqif indiyədək “Tvente”nin heyətində yalnız bir dəfə, əvəzedicilərin Almaniya “Bohum”u ilə yoldaşlıq oyununda meydana çıxmışdı.