“Trabzonspor” “Barselona”nı məğlub etdi
20.04.2010 - 10:32
“Trabzonspor” “Barselona”nı məğlub etdi
Dünən Türkiyə Superliqasının XXX turunun son oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Qaradəniz təmsilçisi Egemən Qorxmaz və Umud Buludun qolları ilə 2:0 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Trabzonspor”un baş məşqçisi Şenol Günəş maraqlı açıqlamaları ilə diqqət çəkib: “Kasımpaşa” güclü hücum xəttinə malik komandadır. Üstəlik, iti ötürmələri ilə seçilirlər. Yılmaz Vuralın dili ilə desək, “Barselona” kimi bir komandanı məğlub etmək, heç də asan olmadı”.

Qeyd edək ki, “Kasımpaşa”nın baş məşqçisi Yılmaz Vural bir müddət əvvəl Türkiyə mətbuatına verdiyi açıqlamada komandasının “Barselona” kimi futbol oynadığını iddia etmişdi.