Arif Əsədov = Bernard Lippert
20.04.2010 - 12:20
Arif Əsədov = Bernard Lippert
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2009/10 mövsümündə Avropa çempionatında çıxışını başa vurdu. Apasport.az saytının məlumatına görə, tarixində ikinci dəfə elit-raunda yüksələn komandamız keçirdiyi 3 oyunda 1 heç-heçə, 2 məğlubiyyətlə kifayətləndi.

2006/07 mövsümündə də bir mərhələ keçən komandamız həmin vaxt elit-raundda qələbə qazanmışdı. Lakin Bernard Lippertin yetirmələri də, 3 il əvvəlki kimi yarışı 6 oyuna 7 xal toplamaqla bitirdi. Arif Əsədovun o vaxt başçılıq etdiyi komandamız ilk mərhələdə 4, elit-raundda 3 xal toplamışdısa, almaniyalının rəhbərliyi altında bu rəqəmlər müvafiq olaraq 6 və 1 oldu.

Maraqlıdır ki, həm Əsədov, həm də Lippert elit-raundda məğlub olmadığımız yeganə oyunda Norveçlə görüşə sevinib. 2007-ci ildə udduğumuz şimallılardan bu dəfə 1 xal almışıq. Lakin hər iki halda, rəqibimiz olan digər komanda İspaniya yığmamızın darmadağın olmamaq seriyasını qırıb.

Dünən futbolçularımızı 4 qola “qonaq” edən Luis Millanın yetirmələri millimizin 3 illik seriyasını dayandırıb. Komandamız son 3 ildə keçirdiyi 12 seçmə oyunda böyük hesabla uduzsa da, məğlubiyyət ən pis halda 3 top fərqi ilə olurdu. 4 və daha çox top fərqi ilə uduzduğumuz son matç isə elə Əsədovlu yığmanın elit-raunddakı çıxışı dövrünə təsadüf edib. Elə rəqib də indiki kimi İspaniya olub. Pireneylilər onda da, indi də 4 qol vurmaqla baş məşqçimizin kim olmasının onlar üçün əhəmiyyət kəsb etmədiyini sübut ediblər.

Qeyd edək ki, 2007-ci ilədək millimizin daha ağır məğlubiyyətləri də olub.