Yunis Hüseynov: Bizə oynamağa imkan vermirlər
20.04.2010 - 12:40
Yunis Hüseynov: Bizə oynamağa imkan vermirlər
“Qırmızı vərəqə alan futbolçularımızı cəzalandırmağa ehtiyac yoxdur. Çünki Murad Hamroyevlə Ernani Pereyranı son turda aldıqları qırmızı vərəqələrə görə günahlandırmaq düzgün olmazdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Altı illik tarixində ən zəif mövsümünü keçirən Yevlax təmsilçisinin I diviziona düşməsinin yalnız rəsmiləşməsi qalıb. Bu, azmış kimi, son oyunlarda komandanın futbolçuları qırmızı vərəqələri sıralamaqda davam edir. Emin Quliyevlə Zaur Ramazanovun cəzası yenicə qurtarmışdı ki, indi də özbək Murad Hamroyevlə milli komandamızın braziliyalı üzvü Ernani Pereyra “Simurq”la oyunda aldıqları qırmızı vərəqələrlə “Karvan”ı çətin vəziyyətdə qoyub.

Ancaq yetirmələrini müdafiə edən Hüseynovun fikrincə, hakimlər sərt oynamağa imkan vermirlər: “Muradla Ernaniyə göstərilən iki sarı vərəqədən birini verməmək olardı. Ancaq heç nədən vərəqə göstərilir və bu da sonda meydanda qovulmaqla nəticələnir. Baş hakim “Simurq”la müqayisədə, bizim futbolçulara daha çox sarı vərəqə göstərir. Göründüyü kimi, hakimlər bizə oynamağa imkan vermirlər. Mən də razıyam ki, kobudluq olanda sarı, qırmızı vərəqə göstərilsin. Ancaq adi mübarizəyə - futbolçumuz sürüşmə fəndi edir, ona görə xəbərdarlıq verilir. Ernani ilə Murad adi oyun epizoduna görə qırmızı vərəqə aldığı halda, onları necə cəzalandırasan?”