Qurban Qurbanov çətin durumda
20.04.2010 - 14:02
Qurban Qurbanov çətin durumda
“Qarabağ” klubu çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, ehtiyat oyunçular skamyası onsuz da qısa olan Qurban Qurbanovun komandasında zədəlilərin sayı artıb.

Aldığı xəsarət üzündən milli komandanın təlim-məşq toplanışından da kənar qalan Rəşad Sadiqovdan sonra Ağdam təmsilçisinin daha bir neçə üzvü sıradan çıxıb. Mövsümün sonunadək meydançaya çıxmayacağı məlum olan 27 yaşlı yarımmüdafiəçinin ardınca, Namiq Yusifov da sıradan çıxıb. Arxa xətt oyunçusu Nodar Məmmədovun da əməliyyat olunmaq üçün Türkiyəyə yollandığını nəzərə alsaq, Qurbanov 4 futbolçudan yararlana bilmir. Düzdür, neçə vaxtdır zədəli olan Aftandil Hacıyev bu gündən məşqlərini bərpa edib. Lakin hələlik fərdi planda çalışacaq müdafiəçi bir həftədən sonra kollektivlə birgə təlim keçəcək. Bu isə onun da aprelin 24-də Quzanlı qəsəbə stadionunda baş tutacaq matçda iştirak etməsinə imkan vermir.

Qeyd edək ki, Unibank Premyer Liqasının XXIX turunda ağdamlılar "Qəbələ"ni qəbul edəcək.