Emin Quliyev: Bizi qırmızı vərəqə almağa məcbur edirlər
20.04.2010 - 14:15
Emin Quliyev: Bizi qırmızı vərəqə almağa məcbur edirlər
Yevlaxın “Karvan” klubunun müdafiəçisi Emin Quliyevin apasport.az saytına müsahibəsi

- Komanda yoldaşın Zaur Ramazanovla eyni oyunda qırmızı vərəqə alır, eyni məşq edirsiniz. Buna səbəb nədir?
- Elədir. Komanda "Muğan"la oynayanda cəzalı idik. Bakıda qalıb, birgə məşq edirdik. Artıq komanda ilə birgə məşqlərə başlamışıq. Hər şey normaldır.

- “Standard”la oyun komandanızın I diviziona düşmək şansını xeyli artırdı. Ümumiyyətlə, belə məsuliyyətli görüşdə niyə qırmızı vərəqə aldınız?
- Əlbəttə, oyunun məsuliyyətini dərk edirdik. Matça yaxşı hazırlaşmışdıq. Hakim gəlib bizi yıxıb, getdi. Öz oyunumuzu nümayiş etdirməyə başlar-başlamaz qərəzli qərarlar verdi. Hesab açılmamış lehimizə 11 metrik cərimə zərbəsini təyin etmədi. Belə qərarlarla bizi qırmızı vərəqə almağa məcbur etdi. Axı necə əsəbləşməyəsən?

- Baş məşqçi Yunis Hüseynov sizi “Karvan”a böyük ümidlərlə gətirmişdi. Amma ona kömək edə bilmədiniz...
- Biz komandaya kömək etməyə gəlmişdik. Əlbəttə ki, istərdik yaxşı futbol nümayiş etdirib, nəticə qazanaq. Bəlkə də yaxşı oynadıq, amma nəticə olmadı. Bu, futboldur. Həmişə yüksək səviyyədə oynamaq çətindir.

- “Karvan” keçdikdən sonra zədə aldınız, ardından cəzalı duruma düşdünüz. Son vaxtlar oyununuz da alınmır...
- Bunun konkret səbəbini deyə bilməyəcəyəm. "Xəzər Lənkəran"dan ayrıldıqdan sonra işlərim yaxşı getmədi. 8 ay futbolsuz qaldıqdan sonra "Karvan"a gəldim. Düzü, ikinci dövrənin ilk oyununa hazır idim. Əvvəl zədə, daha sonra cəzalı olmağım planlarıma təsir etdi. Ümumiyyətlə, hər bir futbolçunun karyerasında eniş olur. Mən də “qara zolaq”dayam. İnşallah, yaxın gələcəkdə bu problemi arxada qoyaram.

- Komandanızın elitada qalması inandırıcı deyil. I diviziona düşəcəyi halda, “Karvan” qalacaqsınız?
- "Karvan"la müqaviləmin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. Əgər müqaviləm uzunmüddətli olsaydı, qalıb oynayardım. Amma biz əvvəlcədən yarım mövsümlük razılaşmışıq.

- Bəs komandanızın I diviziona düşməsinə münasibətiniz necədir?
- Əlbəttə ki, çox pis. Klubun Yevlaxda və Bakıda bazası var. Belə bir komandanın elitadan getməsi düzgün deyil. Ümumiyyətlə, nəinki "Karvan"ın, eləcə də, digər autsayerin elitadan düşməsini istəmirəm. Əksinə, elitada daha çox sayda klubun çıxış etməsini arzulayıram. Onda çempionat daha maraqlı keçəcək, futbol həyəcanı bütün ölkəni əhatə edəcək.

- Yəni, Unibank Premyer Liqasının hazırkı formatından narazısanız?
- İstərdim ki, çempionatımız daha çox komandanın iştirakı ilə keçirilsin.

- Belə başa düşdük ki, "Karvan"dan gedəcəksiniz. Başqa klublardan dəvətlər varmı?
- Hələ bu barədə açıqlama vermək istəmirəm. Mövsümün sonunadək "Karvan"a məxsusam. Başqa klublardan hələ ki, dəvətlər gəlməyib, heç qiyabi söhbət belə olmayıb. İndi çempionatın qızğın vaxtıdır. İlk “altılıq”dakı komandalar çempionluğa, avrokuboklara getməyə, ikinci “altılıq”dakılar isə elitada qalmağa cəhd göstərirlər. Transfer işləri ilə yayda məşğul olacaqlar.

- 33 yaşınız var. Vaxtilə güclü klublarda oynasanız da, son vaxtlar işləriniz alınmır. Karyeranızı bitirməyin vaxtı deyil ki?
- Yox, hələ belə fikrim yoxdur. Karyeramı davam etdirmək istəyirəm. Yəqin ki, 3-4 ildən sonra bu barədə düşünərəm.