“Rəqibimizi dünya yığması adlandırmaq olar”
21.04.2010 - 15:17
“Rəqibimizi dünya yığması adlandırmaq olar”
“Rəqibimiz “İntervyu” klubunu dünya yığması adlandırmaq olar. Bu komandanın heyətində Avropa çempionu İspaniya millisinin və Braziliya yığmasının üzvləri yer alıblar. Əlbəttə, çətin oyun olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının kapitanı Marat Salyanski deyib.

“Araz” klubunun şərəfini qoruyan qapıçı Portuqaliyanın paytaxtı Lissabonda UEFA kubokunun “Dördlər finalı”nın iştirakçısı olacaq. O, aprelin 23-də yarımfinalda rəqibimiz olan İspaniyanın “İntervyu” klubunun son vaxtlar uğursuz çıxış etməsindən xəbərdar olduqlarını bildirib: “Bizdə olan məlumata görə, rəqib ölkə çempionatının son 3 görüşündə məğlub olub. Onların oyunlarının videoyazısına baxmışıq. Həm özlərinin, həm də rəqibin oynamasına imkan verirlər. Biz də bundan istifadə etməyə çalışacağıq. Rəqib futzalçılar meydanın mərkəzini keçdikdən sonra tez-tez qapıya zərbə endirirlər. Buna görə də diqqətli olmalıyıq. Ancaq müdafiədə boşluqlar verirlər. Yəni, bu qədər yolu məğlub olmağa getmirik. İstəyimiz çempion olmaqdır”.

Qeyd edək ki, “Araz” bu gün axşam saatlarında UEFA-nın göndərdiyi xüsusi reyslə Lissabona yollanacaq.