“Xəzər-Lənkəran”ın legioneri Azərbaycan kubokunu milli komandadan üstün tutdu
21.04.2010 - 23:05
“Xəzər-Lənkəran”ın legioneri Azərbaycan kubokunu milli komandadan üstün tutdu
“Milli komandamızın gələn ay iki yoldaşlıq görüşü olacaq. Mayın 21-də Finlandiya, 26-da Xorvatiya ilə qüvvəmizi sınayacağıq. Ancaq Tallində keçirilməli olan bu görüşlərin hər ikisində iştirak edəcəyimi indidən deyə bilmərəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun estoniyalı müdafiəçisi Tixon Şişov deyib.

Milli komandasına mütəmadi çağırılan futbolçuya növbəti dəvət yoldaşlıq görüşləri üçündür. Ancaq onun Finlandiya ilə oyunda iştirakında problem yaranıb. Məsələ ondadır ki, ölkəmizdə mövsüm mayın 22-də Azərbaycan kubokunun final oyunu ilə bitir. Finlandiya ilə görüş isə mayın 21-də olacağından, estoniyalının həmin vaxt yığmanın düşərgəsində ola bilmir: “Bunun üçün klubumun razılığı lazımdır. “Xəzər-Lənkəran” həmin vaxt haqlı olaraq, məni buraxmaya bilər. Çünki mayın 21-də Azərbaycan kubokunun final oyunu var, Finlandiya ilə görüşün tarixi isə FİFA-nın “pənrərəsi”ndə nəzərdə tutulmayıb. Düzdür, kubokunun finalında oynamaq üçün ilk növbədə yarımfinal səddini aşmalıyıq. İnanıram ki, “Olimpik-Şüvəlan”la oyunlarda buna nail olacağıq”.

Şişov bu məsələdə optimal variant kimi, finala çıxacaqları halda, həlledici görüşdə iştirak edib, yığmasının düşərgəsinə yollanmağı görür: “Mənim üçün Azərbaycan kubokunun finalında oynamaq yığmanın yoldaşlıq görüşlərində iştirak etməkdən daha önəmlidir. Hər halda, Finlandiya ilə oyun qeyri-rəsmi xarakter daşıyır. Mən finalda oynayıb, ölkə kubokunu qazanmaq istəyirəm. Bundan sonra yüksək əhval-ruhiyyədə Xorvatiya ilə oyuna yollana bilərəm. “Xəzər-Lənkəran”a keçəndən sonra vətənimdə bu kluba diqqət artıb. Azərbaycanda çempionatının səviyyəsi yaxşıdır”.