Elvin Əliyev: Allah eləsin ki, Foqts məni həmişə yığmaya çağırsın
22.04.2010 - 12:40
Elvin Əliyev: Allah eləsin ki, Foqts məni həmişə yığmaya çağırsın
“Artıq toplanış başa çatıb. Hazırlıq zamanı heç bir neqativ halla qarşılaşmadıq, hamı bir-birinə hörmət etdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının seleksiya xarakterli toplanışında iştirak etmiş Elvin Əliyev deyib.

“Bakı” klubunun futbolçusu bildirib ki, milli komandanın baş məşqçisi Berti Foqts ondan xoşu gəlmədiyini büruzə verməyib: “Foqtsla əvvəl münasibətim yaxşı deyildi. Əlbəttə, toplanışa gedəndə bunu nəzərə almışdım. Bilirdim ki, məndən xoşu gəlmir. Onunla fərdi söhbətim olmadı. Foqts məndən narazılığını büruzə vermədi. Hamı kimi, mənə də diqqət ayırırdı. İşinə yaxşı yanaşdı. Toplanış ərzində adətən toplu çalışmalara üstünlük verdi. Biz də özümüzü göstərib, yığma komandaya düşməyə çalışdıq”.

Seleksiya xarakterli toplanışa dəvət olunmasına baxmayaraq, Əliyevi bəzi suallar düşündürür. O bildirib ki, Foqtsun siyahısına mütəmadi düşməsi çətindir: “Əlbəttə, yığmaya xidmət etmək mənim üçün şərəf olar. İstəyərəm ki, həmişə bu komandada oynayım. Amma Foqts məni Premyer Liqada görsə də, çağırmayıb. İndi də beynimdə suallar dolaşır. Təki, mən yanılım. Allah eləsin ki, Foqts məni həmişə yığma komandaya dəvət etsin”.

Elvin Əliyev çıxış etdiyi klubun çempionatda şanslarını da dəyərləndirib. 26 yaşlı müdafiəçi çempionluq və kubok üçün sona qədər döyüşəcəklərini bildirib: "Yığma komandanın toplanışının klubdakı planlarına təsir edəcəyini düşünmürəm. Düzdür, mən “Neftçi” ilə oyunun hazırlığının müəyyən hissəsində iştirak etməmişəm. Amma işimə məsuliyyətlə yanaşıb, start heyətindəki yerimi qoruyacağam. Hədəfimiz bəllidir. Çempionluq və kubok uğrunda sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Əliyev "Bakı"ya "Olimpik-Şüvəlan"dan keçib.