“Muğan” klubunun vitse-prezidenti: Fikrimiz var ki, baş məşqçi ilə...
22.04.2010 - 14:44
“Muğan” klubunun vitse-prezidenti: Fikrimiz var ki, baş məşqçi ilə...
“Baş məşqçimiz Almir Hurtiçin işindən razıyıq. Fikrimiz var ki, bosniyalı çalışdırıcı ilə əməkdaşlığı davam etdirək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Ötən yay Kemal Alispahiçi komandanın sükanı arxasına gətirən “Muğan” rəhbərliyi II dövrənin gedişində uğursuz nəticələrə görə onu istefaya göndərdi. Bu zaman rəhbərlik baş məşqçi postunu Alispahiçin özü ilə birgə gətirdiyi köməkçisi Hurtiçə etibar etdi. İki bosniyalı mütəxəssis arasında müqayisə aparan Şirəliyev indi daha baxımlı oyun nümayiş etdirdiklərini söyləyir: “Əlbəttə, məsələyə peşəkar tərəfdən baxanda, fərqlər var. Hurtiçin gəlişindən sonra komandamız qorxaq, müdafiədən oynamır. Daha çox hücum edən futbolçuların özlərinə inam artıb. Komandamızın baxımlı oynaması bizim üçün əsas amillərdəndir. “Muğan”ın hazırda göstərdiyi oyun rəhbərliyi razı salır. Belə götürəndə, Hurtiçin vaxtında nəticələrimiz pis deyil. Komandamız “altılıq”da artıq 11 xal yığıb və bu göstəricidə liderdir”.

Vitse-prezidentin fikrincə, Hurtiç “Muğan”ı Premyer Liqada saxlaya biləcək: “Birinci diviziona düşəcəyimizə inanmıram. Hesab edirik ki, Hurtiç üzərinə düşən vəzifənin öhdəsindən gələcək. Biz onunla əməkdaşlığı davam etdirmək istəyirik. Hurtiç də qalmaq istəyir. Yeni müqavilənin imzalanması ilə bağlı qarşılıqlı razılıq var. Yəqin ki, anlaşmanı daha bir illiyə uzadaraq”.

Şirəliyev yeni çempionatın hansı sistemlə keçirilməsinə də toxundu: “Çempionatın yeni formatı ilə bağlı yalnız onu bilirik ki, aprelin 27-də AFFA-nın İcraiyyə Komitəsində bununla bağlı müzakirə olacaq. Fikrimcə, komandaların sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Onda mübarizə daha maraqlı olar”.