Denis Kalinkovun “İnter”ə qarşı oynamaq şansı azdır
22.04.2010 - 15:56
Denis Kalinkovun “İnter”ə qarşı oynamaq şansı azdır
“Denis Kalinkovun “İnter”lə oyunadək hazır vəziyyətdə olacağını deyə bilmərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının vahid liderinin ən yaxın izləyicisi “İnter”lə vacib görüş öncəsi itkiləri mövcuddur. Müalicə olunmaq üçün vətəninə göndərilən braziliyalı Juninyo Osvaldodan fərqli, moldovalı Denis Kalinkov Lənkəran təmsilçisinin düşərgəsindədir. Ancaq Mircavadov onun sabah meydana çıxmaq şansının az olması ilə razılaşır: “Denisi rentgen müayinəsindən keçirmişik. Həkimlər onu sağaltmaq üçün çox çalışır. Ancaq Kalinkovun meydana çıxmaq şansı azdır. Ola bilsin ki, oynamadı”.

Mircavadov, həmçinin bildirib ki, braziliyalı Juninyonun vacib oyunlar ərəfəsində zədələnməsi komandaya pis təsir edib: “Ancaq futbolda, məşq prosesində hər şey olur. Braziliyadan tez-tez zənglər edirlər, futbolçumuzun vəziyyəti ilə maraqlanırıq. Tixon Şişov isə xəstələnmişdi. Son iki görüşdə iştirak etməyən estoniyalı müdafiəçimiz indi-indi ayağa durur. Futbolçularımız hamısı məşq prosesində iştirak edirlər. Hamısı meydana çıxmağa hazırlaşırlar”.