David Odikadze: ...“Xəzər-Lənkəran hər komponentdə bizi üstələdi
24.04.2010 - 14:59
David Odikadze: ...“Xəzər-Lənkəran hər komponentdə bizi üstələdi
“Oyunu iki hissəyə bölərdim. Birinci hesabı biz açsaq da, bu üstünlüyümüzü hissənin sonuna qədər qoruya bilmədik. Rəqib ilk yarıda demək olar ki, hər komponentdə bizi üstələdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu David Odikadze deyib.

Səfərdə 1 xal qazandıqlarına görə sevindiyini deyən gürcüstanlı legioner itirilən 3 xala təəssüflənir: “İkinci hissə bərabər səviyyəli oyun keçdi. Hesabda irəli çıxdıqdan sonra bir neçə qol imkanından yararlana bilmədik. Qapıçımız Georgi Lomayanın oyununu xüsusi qeyd etmək istəyirəm. Onun inamlı çıxışı bizi daha da ruhlandırdı. Ancaq təəssüf ki, son dəqiqələrdə buraxdığımız qolla 1 xala razı olduq”.

Təcrübəli futbolçu komandasının çempionluq şansını da dəyərləndirərək “Xəzər-Lənkəran”la sonacan mübarizə aparacaqlarını bildirib: “Çempionatın başa çatmasına 3 tur qalıb. İki komandanın da çempion olmaq şansı var. Bundan sonra bütün oyunları Bakıda keçirəcəyik. Bu da bizim üçün əlavə üstünlükdür. “Xəzər-Lənkəran” isə Quzanlıya səfər edəcək”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” – “İnter” görüşü heç-heçə başa çatıb – 2:2.