5 qol, 2 qırmızı vərəqə və ilk qələbə
24.04.2010 - 18:00
5 qol, 2 qırmızı vərəqə və ilk qələbə
Bu gün keçirilən iki oyunla Unibank Premyer Liqasında XXIX tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, baş tutan görüşlər qonaq komandalar üçün uğurlu alınıb.

“İkinci” altılıqda autsayder “Karvan” Salyanda “Muğan” klubunun qonağı olub. Olduqca maraqlı keçən qarşılaşmanın ilk yarısında Yevlax təmsilçisi rəqibin qapısından 3 cavabsız top keçirib. Fasilədən sonra daha iki qol və bir qırmızı vərəqə qeydə alınıb. Məğlubiyyətlə barışmayan meydan sahibləri 50-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıblar. 13 dəqiqə sonra baş hakim qonaqların qapısına penalti təyin edir və “Muğan” hesabı minimuma endirir. Matçın son dəqiqələrində “Karvan” daha bir zərbə alır. Baş hakim qonaqların heyətində Markos Farreyra və Elxan Cəbrayılovu önündə qırmızı vərəqə görür. Amma 2 nəfər azlıqda qalmasına baxmayaraq, Yevlax təmsilçisi qələbə hesabını qoruyub. Bu, “Karvan”ın ikinci “altılıq”da ilk qələbəsi olub.

Ötən tur “Bakı”dan ağır məğlubiyyət alan “Qarabağ” isə bu dəfə də qələbə qazana bilməyib. Ağdam təmsilçisi 10-cu dəqiqədə hesabı açsa da, tezliklə tarazlıq bərpa olunub. Kənan Kərimovun 18-ci dəqiqə penaltidən vurduğu qol, oyunda sonuncu olub.

“Muğan” – “Karvan” – 2:3
QOLLAR: Samura Kabba, 50; Elnur Abdullayev, 63 (p) – Şəhriyar Rəhimov, 4; Rövşən Əmiraslanov, 21; Xaqani Məmmədov, 35
QIRMIZI VƏRƏQƏLƏR: Markos Farreyra, (86), Elxan Cəbrayılov (89)

“Qarabağ” – “Qəbələ” – 1:1
QOLLAR: Rauf Əliyev, 10 – Kənan Kərimov, 18 (p)

Birinci “altılıq”

1 Xəzər-Lənk 17 6 8 3 18-11 26
2 İnter 17 6 7 4 18-17 25
3 Bakı 17 6 6 5 18-14 24
4 Neftçi 17 4 8 5 11-12 20
5 Qarabağ 17 4 8 5 13-17 20
6 Qəbələ 17 3 7 7 16-23 16

İkinci “altılıq”

1 Olimpik-Şüv. 17 8 5 4 24-15 29
2 Simurq 17 7 7 3 18-13 28
3 Turan 17 6 7 4 22-19 25
4 Muğan 17 5 6 6 12-13 21
5 Standard 17 5 4 8 16-21 19
6 Karvan 17 2 7 8 13-22 13