“Vaqif Cavadov “Vitess”lə oyunun ən yaxşısı idi” - FOTOSESSİYA
27.04.2010 - 10:00
“Vaqif Cavadov “Vitess”lə oyunun ən yaxşısı idi” - FOTOSESSİYA
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun əvəzedici komandalar arasında Hollandiya çempionatındakı oyunu pis alınmayıb. Apasport.az-ın məlumatına görə, həmyerlimizin çıxış etdiyi “Tvente” klubunun rəsmi internet saytı 21 yaşlı hücumçunun fəallığına biganə qalmayıb.

Belə ki, XXV turun “Vitess”lə qarşılaşmasında ilk yarım saatın “baş qəhrəmanı” məhz Cavadov olub. Hər halda, matç haqda qısa şərh verən rəsmi sayt həmyerlimizin oyununa da toxunub: “Mövsümün son ev oyunu çox ağır keçdi. Matçın ilk yarım saatında həm “Tvente”, həm də “Vitess” taktiki mübarizə aparırdı. Bu, əsl şahmat oyunu idi. Tərəflər heç qol vurmaq imkanı da əldə etmirdi. Ən yaxşı imkanı Azərbaycan yığmasının üzvü Vaqif Cavadov əldə etdi. O, komandadakı ikinci oyununda fərqlənə bilərdi. Vaqif fərdi ustalığı sayəsində təhlükə yaratsa da, topu qapıya göndərə bilməyib”.

Qeyd edək ki, “Tvente” ikinci hissədə buraxdığı qollarla 0:2 hesabı ilə məğlub olub. Matçın 66 və 69-cu dəqiqələrində buraxılan qolların ardından – 78-ci dəqiqədə Vaqif də əvəzlənib.