“Bülənt Korkmaz futbolçuları soyunub-geyinmə otağında döyərdi”
27.04.2010 - 11:08
“Bülənt Korkmaz futbolçuları soyunub-geyinmə otağında döyərdi”
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turanın hərəkətləri həmvətənlərini bezdirib. Apasport.az saytının məlumatına görə, 23 yaşlı kapitanın hoqqaları türk mətbuatının gündəmindən düşmür.

Yarımmüdafiəçinin məşq zamanı komanda yoldaşı Caneri döyməsi isə daha geniş müzakirələrə səbəb olub. Həmkarlarımız Ardaya “Bakı” klubunun sabiq baş məşqçisi Bülənt Korkmazı nümunə göstərib: “Hər komandanın məşqində belə hadisələr olur. Korkmaz da “Qalatasaray”ın kapitanı olanda, belə işlər görərdi. Lakin o, bunu soyunub-geyinmə otağında edirdi. Yoxsa ki, “Qalatasaray” kapitanının açıq məşqdə komanda yoldaşını yumruqlaması indiyədək harada görülmüşdü?”

Qeyd edək ki, 1984-2005-ci illərdə “Qalatasaray”da oynayan Korkmaz “Böyük kapitan” kimi tarixə düşüb.